REGİONLAR


Bərdədə ilin birinci yarısında 32,6 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb

Bərdə, 16 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

2018-ci ilin birinci yarısında Bərdə rayonunda 207,1 milyon manatlıq ümumi məhsul, o cümlədən 7,6 milyon manatlıq sənaye, 92,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 32,6 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. 2017-ci ilin müvafiq dövrünə nisbətən ümumi məhsul istehsalı 7 faiz, tikinti-quraşdırma işləri 10,7 faiz artıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Bərdə rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda səsləndirilib. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsində bildirilib ki, hesabat dövründə Bərdə şəhərində və kəndlərdə geniş abadlıq işləri aparılıb. Yeni Daşkənd-Umudalılar avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Cəyirli kəndi ərazisində tarla düşərgəsi, Qaratəpə və Hacılı kəndlərinin hər birində 80 şagird yerlik modul tipli məktəb tikilib, 1150 şagird yerlik şəhər 6 nömrəli tam orta məktəbin əsaslı təmiri başa çatdırılıb. 220 şagird yerlik Güloğlular kənd tam orta məktəbinin və 100 yerlik körpələr evi-uşaq bağçasının, “Azərxalça” ASC-nin regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisi davam etdirilib. Rayon Mədəniyyət Mərkəzi müasir memarlıq üslubunda yenidən qurulub, “Bərdə” türbəsi və “Torpaqqala” tarixi abidələri bərpa edilib. Bərdə şəhəri ərazisində Tərtər çayı üzərindəki körpünün tikintisinə başlanılıb. Uzunluğu 17,5 kilometr olan Muğanlı-Körpüsındıran kəndlərarası avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Hazırda Bərdə şəhərinin Ü.Hacıbəyov, S.Vurğun, Sənaye və S.Zöhrabbəyov küçələri yenidən qurulur.

Yığıncaqda aqrar sahədə görülən işlər təhlil edilərkən bildirilib ki, ilin birinci yarısında 9630 hektar sahədə pambıq, 406 hektar sahədə şəkər çuğunduru, 1104 hektar sahədə bostan məhsulları, 2533 hektar sahədə tərəvəz, 192 hektar sahədə kartof, 111 hektar sahədə qarğıdalı, 234 hektar sahədə dən üçün günəbaxan, 1993 hektar sahədə təzə yonca əkilib, sahələrdə yüksək məhsul yetişdirilib.

Rayonda heyvandarlığın inkişafı istiqamətində də tədbirlər davam etdirilib. Hesabat dövründə 3930 baş iri buynuzlu heyvan süni mayalandırılıb, 2221 baş sağlam bala alınıb. Bu dövrdə ət istehsalı 3,7 faiz, süd istehsalı 3 faiz, yumurta istehsalı 2,5 faiz artıb. Rayon kümçüləri ötən ildəkindən iki dəfə çox olmaqla, 24 min 533 kiloqram barama istehsal ediblər.

Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət sahələrinə aid məsələlər də ətraflı müzakirə edilib, sahibkarlığın inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılıb, vətəndaşların sosial müdafiəsi, ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər təhlil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.