CƏMİYYƏT
Bərdədə keçmiş məhkum narkotik maddə satarkən tutulub
Bakı, 5 mart, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Həsən Hüseynov tanışına heroin satarkən saxlanılıb. Ondan 2 qramlıq şprisdə heroin məhlulu aşkarlanaraq götürülüb. H.Hüseynovun ətrafında aparılan araşdırmalarla narkotiki əldə etdiyi mənbə müəyyənləşib. Belə ki, rayon sakini Taleh Qaraşov saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində gəzdirdiyi 0,29 qram heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.