REGİONLAR


Bərdədə mədəniyyət işçiləri ilə görüşdə qarşıda duran vəzifələrdən danışılıb

Bərdə, 16 may, AZƏRTAC

Bərdə Regional Mədəniyyət İdarəsində regional idarənin əhatə etdiyi Bərdə və Tərtər rayonlarından, Mingəçevir və Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mədəniyyət işçiləri əvvəlcə Bərdə şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canları fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı anıblar.

Görüşdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Regional idarənin rəisi Vəsilə Möhsümova çıxış edərək, mədəniyyət müəssisələrinin hazırkı vəziyyəti və mövcud problemlərdən, mədəniyyət sahəsində qarşıda duran hədəflərdən, mədəniyyət işçiləri üzərinə düşən vəzifələrdən, regionda əhaliyə göstərilən mədəni xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı görüləcək işlərdən söz açıb. Bildirib ki, mədəniyyət müəssisələri insanlarla qarşılıqlı sıx əlaqədə işləyərək, onların mədəniyyət sahəsinə diqqətini artırmalı, mədəni-kütləvi tədbirlərdə iştirakını təmin edilməli, mədəniyyət müəssisələri fəaliyyət istiqamətlərini günün tələblərinə uyğun qurmalı, oxucuların kitabxanalara marağının daha da artırılması məqsədilə “book-café”lər yaradılmalı, mədəniyyət müəssisələrində fəaliyyət göstərən dərnək üzvləri işlərini günün tələblər səviyyəsində qurmalıdır.

Həmçinin mədəniyyət müəssisələrində şəffaflığın tam təmin edilməsi, əmək intizamına ciddi riayət olunması, mədəniyyət müəssisələrində mövcud olan nöqsanların qısa müddət ərzində aradan qaldırılması, gənc və ixtisaslı kadrların önə çəkilməsi, sənədləşdirmə işlərinin düzgün aparılması, kütləvi informasiya vasitələri ilə sıx əlaqələrin qurulması, keçirilən tədbirlərin və görülən işlərin sosial media platformalarında daha geniş şəkildə işıqlandırılması ilə bağlı tapşırıqlar verilib.

Regional idarənin rəisi vurğulayıb ki, ölkəmizdə şəhid ailələri və qazilərə dövlət qayğısının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələləri daim diqqətdə saxlanılır. Bu ənənəyə uyğun olaraq Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda çalışan mədəniyyət işçiləri şəhid ailələrini, qaziləri və müharibə iştirakçıları daim diqqət mərkəzində saxlamalı, onları mütəmadi olaraq ziyarət etməlidir.

Sonda mədəniyyət işçilərinin sual və təklifləri dinlənilib, onlarla fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.