CƏMİYYƏT
Bərdədə mənşəyi məlum olmayan pendir istehsal edən iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 30 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Mirzalıbəyli kəndində vətəndaş Alıyev Elton İsbi oğluna məxsus pendir istehsalı müəssisəsində reyd keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı sexin sanitar-gigiyenik norma və qaydalarına əməl etmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi müəyyən olunub. Həmçinin müəssisədə 300 kiloqram mənşəyi məlum olmayan pendir aşkarlanıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan götürülən nümunələr analiz edilmək üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Agentliyin əməkdaşları Bərdə rayonu Kələntərli qəsəbəsində vətəndaş Qoçayev Mahir Saday oğluna məxsus pendir istehsalı müəssisəsində də reyd keçiriblər. Yoxlama zamanı sexdə qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ tələblərinin pozulması faktı aşkar edilib.
Qanunsuz fəaliyyət göstərən istehsal müəssisəsində sanitar-gigiyenik norma və qaydalara əməl edilmədiyi və antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub. Müəssisədən istehsal və insan istehlakı üçün yararsız olan, eyni zamanda çarpaz çirklənməyə məruz qalan 3 ton 767 litr süd qanunvericiliyin tələblərinə uyğun olaraq utilizasiya edilib.
Antisanitar şəraitdə fəaliyyət göstərən sexin fəaliyyəti məhdudlaşdırılıb.