REGİONLAR
Bərdədə orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı altı binada keçirilib

Bərdə, 5 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Bərdə rayonunda keçirdiyi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları başa çatıb.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 7 binada təşkil edilən imtahanların idarə olunmasına 7 ümumi rəhbər, 20 imtahan rəhbəri, 151 nəzarətçi-müəllim, 20 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib. İmtahanlarda 1890 şagirdin iştirakı nəzərdə tutulub.
İmtahan bütün binalarda eyni vaxtda başlayıb və üç saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Martın 6-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.