CƏMİYYƏT
Bərdədə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub
Bakı, 14 dekabr, AZƏRTAC
Bərdə rayonunda vətəndaşların qəbulunu keçirən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birgə rayonda özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb, proqram çərçivəsində yaradılmış ayrı-ayrı ailə təsərrüfatları ilə tanış olublar.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bərdə rayonunda 2018-ci ildə 112 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onların əksər hissəsini əlilliyi olanlar, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, müharibə veteranları və digər həssas qruplardan olanlar təşkil edir. Proqrama cəlb olunanlardan artıq 100-ə yaxın şəxsin biznes-planlarına uyğun mal və materiallarla təminatı həyata keçirilib. Onlar əsasən heyvandarlıq sahəsi üzrə kiçik ailə təsərrüfatlarını qurublar. Digərlərinin də mal və materiallarla təminatı işləri davam etdirilir.
Proqram iştirakçıları ilə görüşündə S.Babayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əsas məqsədi aztəminatlı ailələrin öz təsərrüfatlarını quraraq, kiçik ailə biznesinə çıxışına, öz zəhmətləri, səyləri ilə gəlirlərini artırmalarına, həyat şəraitlərini yaxşılaşdırmalarına imkan yaratmaqdır. Bunun üçün proqram iştirakçılarına mal və materiallar verilməklə, onlara təsərrüfatları idarə etmək və genişləndirmək üçün müvafiq məsləhət xidmətləri ilə göstərilir. Proqramın həyata keçirilməsi həm də kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının inkişafına dəstək rolu oynayır.
Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını quranlar verilmiş mal və materiallardan səmərəli şəkildə faydalanaraq təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini qeyd ediblər. Onlar aztəminatlı ailələrə sahibkarlığa çıxış imkanı yaradıldığına, ümumən sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün aparılan işlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.