Bərdədə qanunsuz fəaliyyət göstərən ət məhsullarının istehsalı sexi aşkarlanıb
AzerTAg.az
Bakı, 22 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Bərdə rayonunun Lək kəndində fiziki şəxs Qurbanov Mərhəmət Mütalif oğluna məxsus ət və ət məhsullarının istehsalı sexinə baxış keçirilib.
Baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, 1 və 3 kiloqramlıq polietilen paketlərdə qablaşdırılan sosiskaların üzərində istehlakçı üçün zəruri olan məlumatların öz əksini tapmadığı, istehsalda istifadə olunan suyun filtrdən keçirilmədiyi və laborator müayinələrinin aparılmadığı, məhsulların bişirilməsində istifadə olunan sobanın üzərində termometrin quraşdırılmadığı, ət və ət məhsullarının baytarlıq ekspertizasından keçirilmədən istehsal edildiyi, havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, anbarda saxlanılan xammalların üzərində markalanmanın aparılmadığı, işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi məlum olub.
Müəssisədə istehsal olunan “Fərqli dad” nişanlı bişmiş, hisə verilmiş kolbasadan və sosiskadan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müəssisənin fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Xəbərin mətnində orfoqrafik səhv var