CƏMİYYƏT
Bərdədə quldurluq edən dörd nəfər “isti izlər”lə yaxalanıblar
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Bərdə Rayon Polis Şöbəsinə vətəndaşa qarşı quldurluq edilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal hadisə yerinə gələn əməliyyat qrupu müvafiq müayinələr aparıb. Araşdırmalarla müəyyən edilib ki, saat 6 radələrində dörd naməlum şəxs şəhər sakini Orxan Kərimovun kirayədə yaşadığı evin qapısını sındıraraq içəri daxil olub, onu bıçaqla hədələyərək 200 manat pulunu və 2 mobil telefonunu aparıblar.
Təxirəsalınmaz tədbirlərlə quldurluğu törədənlər müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Elmdar Məmmədov, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Aftandil Axundov, Murad Hüseynov və Şirxan İmanov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutlarla birgə polis şöbəsinə gətiriliblər. Ş.İmanovun üzərinə baxış zamanı bir bıçaq və 0,98 qram heroin aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq aparılır.