CƏMİYYƏT
Bərdədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb
Bakı, 13 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında agentliyin əməkdaşları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri ilə birgə Bərdə rayonunda Cəlil Məmmədquluzadə küçəsi, ev 80 ünvanında yaşayan Həsənov Tapdıq Qarakişi oğluna məxsus həyətyanı sahədə reyd keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı həyətyanı sahədə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehlakçıların hüquqlarının kobud şəkildə pozulduğu və müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək gizli qaydada qanunsuz şəkildə saxta üsulla müxtəlif brend markalı “Banketnaya”, “Beliy Volk”, “Şanbala”, “Mamedoff”, “Ququşu”, “White Water”, “Disaronno”, “Xortisya”, “Xəzri”, “Oryel”, “Nemiroff”, “Nemiroff Delikat”, “Badikubə”, “Kazyonka”, “Maiden tower”, “Az Granata”, “Glacier Melt”, “Napoleon”, “Rada”, “Cristal”, “Berkut Vodka”, “Akula”, “Medallion”, “Grand vodka”, “Zalatoy Kolso”, “Qubernator bağı”, “Stumbars”, “Yakor” və s. əmtəə nişanlı yerli, habelə xarici ölkə istehsalı olan alkoqollu içkilər hazırlayaraq satışının həyata keçirildiyi aşkar olunub.
Reyd zamanı ümumi sayı 68 ədəd aksiz markalı, 3 ədəd aksiz markasız müxtəlif həcmli saxta alkoqollu içkilər, 24 ədəd xammal kimi istifadə olunan hər biri bir litr həcmində olan 95 faizli tibbi spirt, 88 ədəd saxta aksiz marka, 17 ədəd saxta “Mamedoff ” etiketləri və müxtəlif brend markalı içkilərə məxsus 308 ədəd boş alkoqollu içki butulka və 378 ədəd qapaq, habelə saxta alkoqollu içkilərin hazırlanmasında su ilə spirtin qarışdırılmasında istifadə edilən plastik çəllək aşkarlanaraq müsadirə edilib.
İçkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış şəbəkələrinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.