REGİONLAR
Bərdədə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlayıb VİDEO
Bərdə, 22 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Avqustun 22-də 93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasında (DSK) aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb. Kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının 9 üzvünün, 50 seçki məntəqəsi sədrinin, habelə qaçqın və köçkün rayonlarının seçki məntəqələri sədrlərinin iştirak etdikləri kursun ilk günündə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov “Seçici siyahıları ilə işin aparılması, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda məruzəsi dinlənilib.
Kursun digər mövzusu referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsaslarına, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmlərinə həsr olunub. Bununla bağlı iştirakçılar qarşısında Bərdə rayon məhkəməsinin sədri Ağarza Səmədov çıxış edib.
Mühüm siyasi kampaniya olan referendumun uğurla keçirilməsində seçici siyahılarının dəqiq və qüsursuz tərtib edilməsi də mühüm rol oynayır. Bu mövzu barədə danışan 93 saylı Bərdə şəhər seçki dairəsi DSK-nın sədri Şakir Əliyev DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və seçki hüququ ilə bağlı biliklərinin artırılması baxımından kursların əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, kurslar komissiya üzvlərinin maarifləndirilməsi məqsədi daşımaqla yanaşı, həm də onların siyasi biliklərinin artırılmasında, həyata keçirdikləri hər bir seçki hərəkətinə məsuliyyətlə yanaşmalarında, seçkilərin demokratik və şəffaf keçirilməsində böyük təsirə malikdir.
Kurs çərçivəsində keçirilən seminarda DSK-nın sədri seçici siyahıları ilə iş qaydası ilə bağlı iştirakçılara geniş məlumat verib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Avqustun 22-də 48 saylı Yevlax şəhər, 49 saylı Yevlax-Mingəçevir, 81 saylı Beyləqan, 82 saylı Ağcabədi, 83 saylı Ağcabədi-Füzuli, 84 saylı Füzuli, 94 saylı Bərdə kənd, 95 saylı Tərtər, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyalarında da müvafiq ixtisaslaşdırılmış kurslar başlayıb.