REGİONLAR
Bərdədə videokonfrans: Cümhuriyyətimizin varisləriyik
Bərdə, 27 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bərdə rayon Gənclər və İdman İdarəsinin və Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə keçirilən 28 May – Respublika Gününə həsr olunmuş “Cümhuriyyətimizin varisləriyik" mövzusunda videokonfransda səsləndirilib. Tədbirdə Gənclər və İdman İdarəsinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri, Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri, rayonun fəal gəncləri iştirak ediblər.
Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirlinin moderatorluğu ilə keçən tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov konfrans iştirakçılarını Respublika Günü münasibətilə təbrik edib, dövlət müstəqilliyinin qurulmasından, eləcə də hazırkı dövrdə müstəqil Azərbaycanın qorunmasında gəncliyin üzərinə düşən vəzifələrdən danışıb.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev çıxışında xalqımızın XX əsrin sonunda yenidən dövlət müstəqilliyini bərpa etməsindən bəhs edib, müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan daha da çətin olduğunu qeyd edərək, gənclərə öz tövsiyələrini bildirib.
Bərdə rayon Məmmədli kənd tam orta məktəbin müəllimi Elçin Cəfərli, Yeni Azərbaycan Partiyası rayon təşkilatının təlimatçısı Elmir Məmmədov, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Sabir Hümbətzadə və başqaları çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan danışıblar. Bildirilib ki, XX əsrin sonlarında yenidən bərpa edilmiş Azərbaycanın dövlət müstəqilliyi ulu öndər Heydər Əliyevin qətiyyətli, uzaqgörən və müdrik siyasəti ilə dönməz və əbədi xarakter alıb, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutub.