CƏMİYYƏT
Bərdədə yerləşən N saylı hərbi hissədə vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daxili Qoşunların Bərdə rayonunda yerləşən N saylı hərbi hissəsində “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, hərbi hissə komandiri Zəfər Əliyev vətənpərvərlik mövzusunda təşkil edilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib. O, müstəqilliyə gedən yolda çoxlu sayda şəhid və qazilərimizin olduğunu və şəhidlik mərtəbəsinin İslam dinində ən ali mərtəbə olduğunu qeyd edib. Hərbi hissə komandiri Azərbaycan əsgərinin gücündən, Vətəninə, xalqına, üçrəngli bayrağına olan sevgisindən danışıb, onların hər zaman döyüş əzmində olduqlarını və Ali Baş Komandanın “irəli” əmrini gözlədiklərini bildirib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev gəncləri xalqın gələcəyə olan ümidləri kimi dəyərləndirərək, onların vətənpərvər ruhda yetişdirilməsinin önəmini qeyd edib. Şöbə müdiri dini radikalizm məsələsinə toxunaraq vurğulayıb ki, dini radikalizmin yaranmasının əsas səbəbi dini məsələlərə siyasi don geyindirilməsi ilə bərabər, gənclərimizin öz milli-mənəvi dəyərlərindən uzaqlaşdırılmasıdır.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli Azərbaycan xalqının tarixboyu başına gətirilən müsibətlərdən danışaraq, müstəqilliyə gedən yolda ağır itkilər verdiyimizi, ancaq heç zaman mübarizə ruhumuzu itirmədiyimizi diqqətə çatdırıb.