REGİONLAR
Bərdədə yerli istehsal məhsullarının qiymətlərində artım olmayıb VİDEO
Bərdə, 18 yanvar, AZƏRTAC
Bərdə rayonunda yerli məhsullarda qiymətlərin süni artırılmasına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.
AZƏRTAC xəbər verir ki, rayonda yerli istehsal olan meyvə-tərəvəz, süd və heyvandarlıq məhsullarının, həmçinin çörəyin qiymətində artım olmayıb.
“Qarabağ” çörək zavodunun direktoru Füzuli İsmayılov AZƏRTAC-a müsahibəsində dövlətimizin başçısının süni qiymət artımının qarşısının alınması ilə bağlı tapşırığına əməl etdiklərini, əhalinin mənafeyinə uyğun fəaliyyət göstərdiklərini bildirib: “Ötən ilin dekabrında manatın məzənnəsinin aşağı düşməsi nəticəsində ölkəmizdə unun və çörəyin qiyməti bahalaşmışdı. Ehtiyat buğda olduğu üçün dekabrın 21-dən yanvarın 3-dək çörəyin qiyməti stabil qaldı. Son günlərdə isə çörəyin qiyməti nisbətən qalxmışdı. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən azad olundu. Bu isə qiymətin enməsinə səbəb oldu. Zavodda istehsal edilən 500-525 qramlıq çörək ticarət obyektlərinə 27 qəpiyə verilir”.
F.İsmayılov əlavə edib ki, zavodun ayrıca taxıl sahəsinin, 10500 tonluq taxıl anbarının və dəyirman kompleksinin mövcudluğu istehsal edilən çörəyin maya dəyərinin aşağı olmasını şərtləndirir. Dəyirman sutkada 10 min ton çörək istehsal edən zavodun una olan tələbatını ödəməklə yanaşı, əhaliyə də xidmət edir. Belə ki, burada hər gün əhali tərəfindən orta hesabla 8-10 ton buğda üyüdülür. Üyüdülən un satışa da çıxarılır. 50 kiloqramlıq 1 kisənin topdan satış qiyməti 22 manat, pərakəndə satış qiyməti 23-24 manatdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə 2012-ci ildə istifadəyə verilən “Qarabağ” çörək zavodu ən yüksək standartlara uyğun qurulub. Zavod Türkiyənin “KUMKAYA” şirkətinin tunel tipli çörəkbişirmə xətti, mikserlər, xəmir kəsmə və dartma avadanlıqları, həmçinin digər köməkçi avadanlıqlarla təchiz edilib. Müasir texnologiyanın tətbiqi yüksək keyfiyyətli çörək istehsalına imkan verir. Sutkalıq istehsal gücü 40 ton olan zavodda iki növbəli iş rejimi tətbiq edilməklə, gündəlik 10 ton çörək istehsal olunur. İstehsal edilən çörək Bərdə və ətraf rayonlarda istehlakçılara çatdırılır.