REGİONLAR
Bərdəli fermerlər yerkökü yığımını davam etdirirlər
Bərdə, 18 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunda torpaq mülkiyyətçilərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindən biri yerköküdür. Hələ keçmiş Sovet dövründə Bərdə rayonu pambıqçılıq və taxılçılıqla yanaşı, yerkökünün də istehsal edildiyi rayon kimi tanınıb. Rayon sakinlərinin istehsal etdikləri məhsul ölkənin bütün regionlarında, o cümlədən Bakı şəhərində satışa çıxarılır.
Bərdə Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, torpaq mülkiyyətçiləri yazda əkdikləri 168 hektar yerkökü sahəsindən 5580 ton məhsul əldə ediblər. Hazırda isə təkrar əkin kimi 165 hektarda becərilmiş yerkökünün yığılması davam etdirilir. İndiyədək 4950 ton yerkökü yığılaraq satışa çıxarılıb.
Yerkökü istehsalçıları bir neçə ildir ki, müasir becərmə texnologiyalarının tətbiqinə başlayıblar. Bərdəli fermerlər damcı suvarma üsulundan, daha məhsuldar toxumlardan istifadə etməklə məhsuldarlığı yüksəldirlər. Fermerlər bildirirlər ki, damcı üsulu ilə suvarma zamanı suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otları azalır. Zərərvericilərə qarşı mübarizə də daha effektli və asan olur. Yerkökünün görünüşü və sağlamlığı daha yaxşı olur, məhsuldarlıq yüksəlir.
Qeyd edək ki, vitamin və minerallarla zəngin olan yerkökü müxtəlif xörəklərin və salatların hazırlanmasında, şirə, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur.