REGİONLAR
Bərdəli melioratorlar sahələrin suvarılmasını vaxtında başa çatdırmaq üçün gücləndirilmiş iş rejimində çalışırlar VİDEO
Bərdə, 22 avqust, AZƏRTAC
Ölkənin ən böyük kənd təsərrüfatı rayonlarından olan Bərdədə 64 min hektara yaxın suvarılan əkin sahəsi mövcuddur. Həmin sahələrin suvarılması dörd mənbə vasitəsi ilə yerinə yetirilir. Yuxarı Qarabağ kanalından götürülən su vasitəsi ilə 41300 hektar, Kür çayından götürülən su ilə 1500 hektardan artıq, Tərtər çayından gələn su ilə 3200 hektar və subartezian quyuları hesabına 17375 hektar əkin sahələrinin suvarılması həyata keçirilir. Sahələrin suvarılmasını vaxtında normalara uyğun olaraq başa çatdırmaq üçün hazırda Bərdə Suvarma Sistemləri İdarəsinin kollektivi gücləndirilmiş iş rejimində çalışır.
AZƏRTAC xəbər verir ki, bu il Bərdə rayonunda 11 min hektara yaxın sahədə pambıq əkilib və hazırda pambığın suvarılması davam edir. Rayonda əvvəllər pambıq əkilməyən sahələr su ilə təmin olunduqdan sonra həmin ərazilər də əkinəyararlı vəziyyətə gətirilib. Bundan başqa, suvarmanın daha itkisiz aparılması məqsədilə torpaq kanallar beton üzlüyə alınıb. Suyun axınının maneəsiz hərəkəti üçün kanallar lildən təmizlənib. Hazırda idarənin texnikaları vasitəsi ilə rayonun müxtəlif ərazilərində bu işlər davam edir.
Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən balansda olan nasos stansiyalarına baxış keçirilərək nasaz nasoslar təmir olunub və hazırda nasos stansiyaları işlək vəziyyətdədir.
Qeyd edək ki, Bərdə rayonunda suvarma iki üsulla - mexaniki və öz axımı ilə həyata keçirilir. Öz axımı ilə 39510 hektar, mexaniki üsulla isə 23895 hektar sahə suvarma suyu ilə təmin olunur.