REGİONLAR
Bərdəlilər ümummilli lider Heydər Əliyevin 14 dəfə Bərdəyə gəlişini iftixar hissilə xatırlayıblar
Bərdə, 11 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bərdəlilər tərəfindən həmişə uca tutulur. Dahi rəhbər hakimiyyətdə olduğu illərdə 14 dəfə Bərdəyə səfər edib, əmək adamları, sadə bərdəlilərlə unudulmaz görüşlər keçirib. Onun Bərdəyə hər gəlişi rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında dərin izlər qoyub. Bərdə əhalisi ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərini heç zaman unutmur, bu dahi insanın ruhuna sonsuz ehtiram nümayiş etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Bərdədə böyük ehtiramla yad edilib. Rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, idarə və müəssisələrin rəhbərləri və partiya fəalları ulu öndər Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, sənəd və fotoşəkillərlə tanış olublar.
Burada Ulu Öndərin geniş və çoxşaxəli dövlətçilik fəaliyyətindən, Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsində, əbədi və dönməz olmasında göstərdiyi tarixi xidmətlərindən danışılıb, dahi rəhbərin 14 dəfə Bərdəyə gəlişi iftixar hissi ilə xatırlanıb.
Sonra akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri Ulu Öndərə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.
Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bərdə rayonunda keçirilən ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, idarə-müəssisələrin rəhbərləri, YAP rayon təşkilatının fəalları, gənclər, Bərdə regional “ASAN xidmət” mərkəzinin əməkdaşlari, könüllülər iştirak ediblər. Aksiya zamanı Bərdə-Yevlax magistral yolunun kənarında 700 ədəd müxtəlif növ ağac əkilib.