REGİONLAR
Bərdənin 2 kəndində içməli su infrastrukturunun yaradılması işləri görülür
Bakı, 17 avqust, AZƏRTAC
Bərdə rayonunun iki kəndində içməli su infrastrukturunun yaradılması işləri davam edir.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində Bərdə rayonunun Hacılar və Arabaçılar kəndlərində yeni içməli su infrastrukturu yaradılır.
Rayonun kəndlərində içməli su layihələrinin icrasına bu ilin iyun ayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təmin etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə əsasən, bu kəndlərdə 2 subartezian quyusunun qazılması, 11,3 kilometr uzunluğunda su xətlərinin, əhalinin ümumi istifadəsi üçün 54 ədəd su bulağının tikintisi nəzərdə tutulub.
Hazırda kəndlərdə subartezian quyularının qazılmasına başlanılıb. Arabaçılar kəndində layihədə nəzərdə tutulan 5,4 kilometr uzunluğunda su xətlərinin tikintisi, əhalinin ümumi istifadəsi üçün 27 ədəd su bulağının quraşdırılması işləri yekunlaşıb. Hacılar kəndində isə 5,9 kilometr su xətlərinin və 27 ədəd su bulağının quraşdırılması işləri davam etdirilir.
Arabaçılar və Hacılar kəndlərində icra olunan layihələr ümumilikdə 2 min 500-dək sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradacaq. İndiyədək həmin kəndlərin sakinləri içməli suya olan tələbatlarını daşıma yolu ilə və ya quyu sularından istifadə etməklə ödəyirdi. Bu da içməli su təminatında çətinliklərə səbəb olurdu.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq. Bu layihələrdən 30 kəndin 45 min nəfər sakini faydalanacaq. Ümumilikdə 2018-ci ildə dövlət investisiya layihələri də daxil olmaqla “Azərsu” ASC tərəfindən icra olunan layihələr çərçivəsində 21 rayonun 46 yaşayış məntəqəsində 65 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.