REGİONLAR
Bərdənin Mollaisalar kənd tam orta məktəbi üçün quraşdırılan modul tipli bina tezliklə istifadəyə veriləcək
Bərdə, 3 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tezliklə Bərdə rayon Mollaisalar kənd tam orta məktəbi üçün quraşdırılan modul tipli bina müəllim və şagirdlərin istifadəsinə veriləcək. Binanın tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" 2020-ci il 6 may tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 96 şagird yerlik məktəb binası 10 sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Binaya istilik sistemi, qaz və su xətləri çəkilib, məktəbin həyətində abadlıq işləri aparılıb, yerə asfalt döşənib. Məktəbin inventar və avadanlıqları da gətirilib.
Qeyd edək ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.