REGİONLAR


Bərdənin mədəniyyət işçiləri Ulu Öndərin anadan olmasının 99-cu ildönümünü təntənə ilə qeyd ediblər

Bərdə, 10 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi tərəfindən əbədiyaşar lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi hörmət və ehtiramla yad olunub. Sonra Heydər Əliyev Mərkəzində təşkil edilmiş sərgiyə baxış keçirilib. Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri, həmçinin Bərdə rayonuna səfərlərini özündə əks etdirən eksponat, fotoşəkillər haqqında ətraflı məlumat verib.

Tədbir iştirakçıları Bərdə rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş kitab və rəsm sərgisi ilə də tanış olublar. Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalandığını diqqətə çatdırıb.

Regional idarənin rəisi xüsusi vurğulayıb ki, Heydər Əliyevin doğma xalqına ən böyük xidməti ölkənin dinamik strateji inkişaf meyarlarını müəyyən etməklə yanaşı, özündən sonra həmin konsepsiyanı müstəsna peşəkarlıqla həyata keçirməyə qadir, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi beynəlxalq arenada qabaqcıl dövlət olaraq tanınmasına nail olub, həyata keçirdiyi kompleks islahatlarla respublikamızın daimi tərəqqisini təmin edən, Ulu Öndərin özü qədər inanıb-güvəndiyi görkəmli və qətiyyətli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olub.

Tədbir mədəniyyət mərkəzi tərəfindən təşkil olunmuş rəngarəng konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.