REGİONLAR


Bərdənin pambıq sahələrindən hər gün 800 tondan çox məhsul yığılır

Bərdə, 12 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ölkəmizin ən iri pambıqçılıq rayonlarından olan Bərdədə məhsul yığımının qızğın çağıdır. 28 min tonadək pambıq istehsal etməyi, eyni zamanda, hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanmağı hədəfləyən Bərdə pambıqçıları hər gün tarlalardan 800 tondan çox məhsul toplayırlar.

Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 9630 hektar sahədə pambıq becərilib. Məhsul istehsalçılarına göstərilən hərtərəfli kömək və bitkinin becərilməsində aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. İndi rayonda bütün qüvvələr “ağ qızıl”ın tez və itkisiz yığılması üçün səfərbər olunub. Məhsul yığımına 42 pambıqyığan kombayn, 4 min nəfərədək işçi qüvvəsi cəlb edilib. Bu günədək sahələrin 28 faizində birinci yığım aparılıb, 9824,6 ton məhsul tədarük edilib. Yığılan pambıq əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə filialına və “Azərpambıq” MMC-nin Bərdə pambıq istehsalı və emalı zavoduna və “P-Aqro” MMC-nin Yevlaxdakı qəbul məntəqəsinə təhvil verilir.

Qeyd edək ki, sovet dövründə Bərdə pambıqçılıq sahəsində respublikamızın ən qabaqcıl rayonlarından idi. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalmışdı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində artıq rayonda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.