REGİONLAR
Bərdənin tarixi abidələri ilə tanışlıq qonaqlarda və turistlərdə zəngin təəssürat oyadıb
Bərdə, 16 iyun, AZƏRTAC
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Milli Qurtuluş Günü və Azərbaycanda yay turizm mövsümünə start verilməklə bağlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, regional idarənin tabeliyində olan Bərdə, Tərtər rayon, Yevlax və Mingəçevir şəhər nümayəndəliklərinin iştirakı ilə təşkil olunan tədbir Bərdədəki tarixi abidələrlə tanışlıqla başlanıb. 1322-ci ildə inşa edilən Bərdə türbəsi, VIII-IX əsrlərə aid İmamzadə məscid kompleksi, Şirvanlı kəndində yerləşən XVIII-XIX əsrlərə aid Şirvanlı hamamı ilə tanışlıq qonaqlarda və turistlərdə zəngin təəssürat yaradıb.
Tədbir Tərtər çayı sahilində yerləşən Heydər Əliyev adına park-bulvarda davam etdirilib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin parkdakı abidəsini ziyarət ediblər. Burada Milli Qurtuluş Günü və yay turizm mövsümünə başlanılmaqla bağlı rayon sakinləri, şəhərin qonaqları, o cümlədən turistlər üçün konsert proqramı təşkil edilib. Tarix-Diyarşünaslıq Muzeyinin sərgilədiyi qədim eksponatlar, Bərdə Turizm İnformasiya Mərkəzi tərəfindən nümayiş olunan regionun turizm potensiyalını əks etdirən məlumatlandırıcı kitablar, suvenirlər, hədiyyələr, Bərdə şəhər 1 və 4 nömrəli uşaq incəsənət məktəblərinin şagirdlərinin açıq havada çəkdikləri rəsmlər maraqla qarşılanıb.