DÜNYA
Berlin bərpaolunan hidrogenin işlənib hazırlanmasına sərmayə qoymağa çağırıb
Berlin, 11 aprel, AZƏRTAC
Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer beynəlxalq ictimaiyyəti səylərini enerji islahatlarının inkişafına yönəltməyə çağırıb. O qeyd edib ki, bu, təxirə salınmadan icra edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu bəyanatı almaniyalı nazir enerji islahatları üzrə beynəlxalq konfrans çərçivəsində verib. Almaniyanı “enerji islahatları cəhətdən novator ölkə” adlandıran Altmayer digər dövlətləri də bu nümunəni tətbiq etməyə çağırıb.
AZƏRTAC dərc olunan tədqiqatların nəticələrinə istinadla xatırladır ki, əsrin ortalarınadək dünyada elektrik enerjisinə olan tələbatın 85 faizi bərpaolunan mənbələr hesabına təmin edilə bilər. Təsadüfi deyil ki, konfransda qazıntı halında çıxarılan enerji daşıyıcıları erasının sona yaxınlaşdığı və indi bərpaolunan enerji mənbələrinə sərmayə qoyuluşunun zamanı olduğu qeyd edilib.
Proqnozlara görə, 2050-ci ilədək dünyanın avtomobil yolları ilə bir milyarddan çox elektromobil şütüyəcək. Bundan başqa, elektrik enerjisi, istiliyin hasilatı üçün də lazım olacaq. Buradan belə bir nəticə çıxır ki, aviasiyada və gəmiçilikdə ağ nefti və dizel yanacağını əvəz edə biləcək bərpaolunan hidrogenin istehsalı barədə artıq bu gün düşünmək vacibdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin