CƏMİYYƏT
Berlin məktəblərində tədrisin növbələşdirilməsi sınaqdan keçiriləcək
Berlin, 22 fevral, AZƏRTAC
Bu gündən etibarən Berlində ibtidai və orta məktəblərin fəaliyyəti bərpa olunur.
AZƏRTAC xəbər verir ki, sinif otaqları yenidən şagirdlərin üzünə açıq olacaq. Berlin senatı şəhər meriyasının təhsil və səhiyyə şöbələri tərəfindən birgə işlənib hazırlanmış konsepsiyanı təqdim edib. Bu konsepsiyanın mahiyyəti müəllimləri və şagirdləri yoluxmadan necə qorumaqdan ibarətdir.
İbtidai siniflərdə tədris prosesi növbəli xarakter daşıyacaq. Bu o deməkdir ki, sinifdəki şagirdlərin yarısı məktəbdə, digər yarısı evdə təhsil alacaq, sonra isə onların yeri dəyişəcək. 10-12-ci sinif şagirdləri üçün tədrisin bu formatı test rejimində sınaqdan keçirilib.
Valideynlər və siyasətçilər hələlik bu metodu kəskin tənqid etməyiblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin