SİYASƏT


Berlin mitinqi dünyaya mesajdır: Qarabağ Azərbaycandır və nida işarəsi

Berlin, 25 fevral, AZƏRTAC

Bu günlərdə Berlinin mərkəzində keçirilmiş Avropa azərbaycanlılarının möhtəşəm mitinqi xalqımızın tarixinə sözün həqiqi mənasında qızıl hərflərlə yazıldı. Elə aksiyanın adı – Ümumavropa Qarabağ mitinqi Avropadakı həmvətənlərimizin Almaniya paytaxtının Brandenburq qapıları qarşısında kütləvi toplaşmasının mahiyyət və məqsədlərini açır: dünya Azərbaycan xalqının haqq səsini yenidən eşitməlidir.

Təkcə Avropanın hər yerindən deyil, həm də digər qitələrdən yüzlərlə, azı minədək azərbaycanlı bura axışmışdı. Məsələn, mütəşəkkillik və ümummilli həmrəylik nümayiş etdirmək üçün transatlantik uçuş etmiş ABŞ və Kanadadan olan həmvətənlərimizin mitinqə qatılması elə nəyə desən deyərdi. Avtobuslar ardı-arası kəsilmədən meydana yan alırdı. Qocalar və uşaqlar, qadınlar və kişilər, tələbələr və biznesmenlər, azərbaycanlılar və onların dostları – burada cəmiyyətimizin bütün təbəqələrinin nümayəndələrini görmək olardı.

Əlil arabasında gəlmiş cavanı qucaqlamaq istərdim. Ümummilli səsə səs vermək üçün əlil arabasında belə uzun və özü də çətin yol qət etmək - məgər bu, heyranlığa layiq hərəkət deyilmi?!

Meydana cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin toplaşması təsadüfi deyildi. Axı mitinq Qarabağa aid idi və Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmişdi. Məlum olduğu kimi, artıq uzun illərdir, Qarabağ və Xocalı bütün cəmiyyəti və onun cinsindən, etnik mənsubiyyətindən, dini etiqadından və siyasi baxışlarından asılı olmayaraq hər bir üzvünü birləşdirən amillərdir.

Onlarca azərbaycanlının əlində tutduğu Azərbaycan bayrağı bir an içində, demək olar, bütün Paris meydanı boyu açıldı. Az qala tennis kortu boyda olan nəhəng bayrağın heyrətamiz görünüşündən qəlbim köksümdə çırpınmağa başladı.

Minədək insan hamılıqla Azərbaycan himnini oxuyanda da qəlbim çırpınırdı. Mübaliğəsiz deyə bilərəm ki, himnin sədaları ağzınacan dolu stadionda matç zamanı olduğu kimi, uzun kilometrlər boyu əraziyə yayılmışdı. Bir çox dillərdə səslənən “Qarabağ Azərbaycanındır!” şüarının sədaları öz mənzillərində, küçələrdə, avtomobil və mağazalarda olan on minlərlə berlinlinin qulaqlarına çatırdı.

Ümidvarıq ki, Ermənistan səfirliyinin əməkdaşları da bunu eşitdirdilər. Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Azərbaycan Prezident İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərini eşidən zaman diksinən baş nazir Nikol Paşinyan kimi, yəqin ki, onlar da diksindilər.

Mən əsla şübhə etmirəm ki, miqyasına görə inanılmaz olan Berlin mitinqini Ermənistan səfirliyinin informasiya toplamaq üçün bura göndərilmiş əlaltıları sanki gözəgörünməz siçanlar kimi gizlicə, qorxa-qorxa müşahidə edirdilər. Onların bəzilərini tanıya bildim. Mitinqdə səsləndirilən şüarların sədaları bütün Berlinə yayılanda onların sifətlərini görmək lazım idi.

Başa çatan mitinq Avropada Azərbaycan diasporunun zəfəri oldu, istər Vətəndə, istərsə də onun hüdudlarından kənarda ümumxalq mütəşəkkilliyini, cəmiyyətin bütün təbəqələrinin birliyini bütün dünyaya nümayiş etdirdi. Ən başlıcası isə Ümumavropa Qarabağ mitinqi hamıya xalqın və ilk növbədə, Azərbaycan dövlətinin rəhbəri simasında onun seçdiyi nümayəndələrin birliyini göstərdi.

Qoy bizim ümumxalq səsverməsi yolu seçilmiş Prezidentimiz bilsin və bir an belə şübhə etməsin ki, onun yüksək beynəlxalq tədbirlərdə hər bir qarşıdurması, hər bir debatı və hər bir sözü təkcə Ümumavropa Qarabağ mitinqinin keçirildiyi Berlində deyil, həm də dünyanın bütün nöqtələrində əks-səda verəcək. Çünki Azərbaycan cəmiyyətinin hər bir üzvü buna əmindir və o, harada yaşamasından asılı olmayaraq, yanındakı başqa millətin nümayəndəsini var gücü ilə inandırmağa çalışacaq ki, Qarabağ Azərbaycandır və nida işarəsi!

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.