DÜNYA
Berlin orta və yaxın mənzilli raketlər barədə müqaviləni xilas edə biləcəkmi?
Berlin, 23 oktyabr, AZƏRTAC
“Raketlərin mənzili nə qədər qısa olsa, ölən almanların sayı bir o qədər çox olacaq”.
Ötən əsrin 70-ci illərinin sonlarında AFR-də müharibə əleyhinə kütləvi hərəkatın şüarlarından biri belə idi. Bu hərəkatın iştirakçıları Sovet SS-20 raketlərinə cavab olaraq NATO-nun belə adlandırılan “ikiqat qərarı” əsasında Almaniyada yerləşdirilmiş Perşinq II adlı orta mənzilli Amerika raketlərinin Almaniyadan çıxarılmasını tələb edirdilər.
AZƏRTAC xəbər verir ki, o vaxt Almaniyada başa düşürdülər: əgər nüvə müharibəsi baş verərsə, həmin nüvə müharibəsinin meydanı ilk növbədə məhz onların o vaxt hələ iki hissəyə bölünmüş ölkəsinin ərazisi olacaq. Raketlər buradan buraxılacaq və elə buradaca partlayacaq. Üstəlik, orta və yaxın mənzilli raketlərin uçuş vaxtının çox qısa olması belə müharibənin təsadüfən – tərəflərdən birinin sanksiyalaşdırılmamış şəkildə düyməni basması və digər tərəfin tələsik cavab zərbəsi endirməsi nəticəsində yaranması riskini xeyli artırırdı.
Elə buna görə də almanlar 1987-ci il dekabrın 8-də Ronald Reyqan və Mixail Qorbaçov tərəfindən Orta və yaxın mənzilli raketlər (OYMR) barədə müqavilə imzalandığı günü özləri üçün “xoşbəxt gün” adlandırırlar. Təsadüfi deyil ki, məhz Almaniyanın liderləri – kansler Helmut Kol və onun xarici işlər naziri Hans-Ditrix Genşer ovaxtkı SSRİ rəhbərliyini orta və yaxın mənzilli raketlər barədə ABŞ ilə danışıqlara razı salmaq üçün çox səy göstərirdilər.
Danışıqlar çətin gedirdi və bir neçə dəfə pozulmaq həddinə çatmışdı. Artıq finiş xəttində növbəti çətinlik yarandı. Moskva Bundesverin silah təchizatında olan 72 ədəd nüvə başlığı olmayan “Perşinq 1A” raketinin də həmin müqaviləyə daxil olunmasında israr edirdi.
O vaxt AFR-də hakimiyyətdə olan mühafizəkarlar bunun əleyhinə idilər, lakin kansler Helmut Kol hökumət başçısı səlahiyyətlərindən istifadə edərək 1987-ci il avqustun 26-da həmin raketlərin alman ordusunun təchizatından çıxarılması barədə təkbaşına qərar qəbul etdi. OYMR haqqında müqaviləyə əsasən, təsir dairəsi 500 kilometrdən 5500 kilometrə qədər olan 2692 raket məhv edildi. Söhbət əsasən Amerikanın “Perşinq II” və Sovet İttifaqının “SS-20” raketlərindən gedirdi. Nüvə silahlarının bütöv bir sinfinin ləğv edilməsi almanların təhlükəsizlik hissini nəzərəçarpacaq dərəcədə artırdı. Hətta ABŞ və SSRİ (və ya Rusiya) bir-birinə raket-nüvə zərbələri endirəcəyi halda başqa avropalılar kimi, almanların da salamat qalmaq şansı yarandı.
Əgər Avropada orta və yaxın mənzilli raketlər təkrar yerləşdirilərsə, almanların belə şansı yenə olmayacaq. Buna görə də rəsmi Berlin Trampın OYMR barədə müqaviləni pozmaq niyyətinə görə təəssüflənir, xarici işlər naziri Hayko Mas isə bu yaxınlarda ABŞ-da səfərdə olarkən amerikalı tərəfdaşları inandırmağa çalışıb ki, onlar OYMR barədə müqaviləni pozmasınlar.
ABŞ-ın orta və yaxın mənzilli raketlər barədə müqavilədən çıxması AFR-in mənafelərinə birbaşa toxunur. Bəs Trampın bu qərarı Berlinin yenidən sürətlə silahlanmanın qarşısını almaq imkanlarına necə təsir göstərə bilər?
Alman siyasətçilər ABŞ Prezidenti Donald Trampın orta və yaxın mənzilli raketlər haqqında müqavilədən (OYMRM) çıxmaq niyyətinə son dərəcə operativ və birmənalı olaraq neqativ münasibət bildiriblər.
Almaniya hökumətinin nümayəndələrinin rəsmi bəyanatlarında “Avropanın təhlükəsizlik strukturunun özəyi” sayılan bu müqavilənin pozulması təhlükəsi ilə əlaqədar təəssüfləndiklərini bildirirlər, qeyri-rəsmi şərhlərdə isə hətta rəsmi şəxslər də hiddətləndiklərini gizlətmirlər. Məsələn, AFR Xarici İşlər Nazirliyinin dövlət naziri Nils Annen özünün tvitter səhifəsində Trampın qərarını “məhvedici qərar” adlandırıb və Avropanı “orta mənzilli raketlərin sayının artırılmasının yeni dövrəsinin qarşısını almağa” çağırıb. Bundestaqın müxtəlif fraksiyalardan olan deputatları isə bu barədə öz fikirlərini daha kəskin şəkildə bildiriblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin