DÜNYA
Berlin və Paris Vaşinqtona Yerusəlim məsələsində ehtiyatlı olmaq barədə xəbərdarlıq edirlər
Berlin,16 yanvar, AZƏRTAC
Almaniyanın və Fransanın XİN rəhbərləri Təl-Əvivdəki ABŞ səfirliyinin Yerusəlimə köçürüləcəyi halda bunu ciddi nəticələri barədə xəbərdarlıq ediblər. Frank-Valter Ştaynmayer və Jan-Mark Eyro Yaxın Şərq münaqişəsini tənzimlənməsinə dair Paris konfransında bu barədə bəyanatlarla çıxış ediblər.
Donald Trampın müşaviri Kellian Konueyin sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti ABŞ səfirliyinin Təl-Əvivdən Yerusəlimə köçürülməsini planlaşdırır. Seçkiqabağı kampaniya dövründə Tramp özü bu barədə danışmışdı.
Ştaynmayer regionda münaqişənin “yeni eskalasiyası riski” barədə xəbərdarlıq edərək deyib: “Səfirliyin köçürülməsi barədə fikirlər ona gətirib çıxara bilər ki, Fələstin tərəfi müvafiq tədbirlər görüləcəyi və cavab reaksiyası barədə hədə-qorxu gəlir. Fransa XİN rəhbəri də bu qərarın ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib. Jan-Mark Eyro deyib: “Bu məsələdə ABŞ prezidenti kimi inadkar və birtərəfli mövqe tutmaq olmaz. Sülhün bərqərar olması üçün şərait yaratmağa səy göstərilməlidir”.
Fələstin-İsrail münaqişəsinin tənzimlənməsinə dair Parisdə keçirilən konfransda İsrailin və Fələstin tərəfinin nümayəndələri iştirak etmir. İsrailin baş naziri Binyamin Netanyahu bu konfransı “faydasız” adlandıraraq bildirib ki, Donald Tramp prezident vəzifəsində işə başlayandan sonra İsraili pozitiv dəyişikliklər gözləyəcək. Netanyahu deyib: “Sabah hər şey başqa cür olacaq və sabahkı gün artıq yaxındır”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin