MƏDƏNİYYƏT


“Berlinale” Beynəlxalq Film Festivalının proqramı açıqlanıb

Bakı, 19 yanvar, AZƏRTAC

Fevralın 10-dan 20-dək Almaniyada 72-ci “Berlinale” Beynəlxalq Film Festivalı keçiriləcək. Təşkilatçılar Berlinale Forumu bölməsi üçün seçilmiş filmlərin adlarını açıqlayıblar.

AZƏRTAC Rusiya KİV-inə istinadla xəbər verir ki, festivalın əsas hissəsinə 11-i sənədli olmaqla 27 tammetrajlı film, “Forum Special” proqramına isə daha 14 tammetrajlı və qısametrajlı film daxildir.

Təşkilatçıların bildirdiyinə görə, “Berlinale” Beynəlxalq Film Festivalı koronavirus məhdudiyyətləri nəzərə alınmaqla əyani formatda keçiriləcək.

Kinofestivalın saytında dərc olunan xəbərdə deyilir: “Pandemiya ilə əlaqədar “Berlinale” formatını və konsepsiyasını dəyişib. Festival fevralın 10-da Berlinale Palastda möhtəşəm açılış mərasimi ilə başlayacaq. “Qızıl və Gümüş Ayıların”, həmçinin ən yaxşı tammetrajlı filmə görə GWFF mükafatı və “Berlinale”nin ən yaxşı sənədli film mükafatlarının təqdimetmə mərasimi fevralın 16-da axşam keçiriləcək”.

Açılış mərasimindən sonra fevralın 16-dək müsabiqə xarakterli filmlərin nümayişi keçiriləcək, çəkiliş qrupları öz filmlərini şəxsən ictimaiyyətə təqdim edəcəklər. Mükafatlandırma mərasimi bitəndən sonra festivalın müddəti fevralın 20-dək uzadılacaq - bütün “Berlinale” kinoteatrlarında filmlərin təkrar nümayişi təşkil olunacaq.

Təşkilatçıların qeyd etdiyi kimi, “Berlinale” kinoteatrlarının tutumu kəskin şəkildə 50 faizə qədər azaldılıb: “Pandemiyaya görə şənlik və ziyafətlərin keçirilməsi mümkün olmayacaq, lakin çəkiliş qruplarının Berlinale Palastın qırmızı xalı üzərindən qısa formatda keçməsi şansı hələ də olacaq ki, bu da ənənəvi festival ab-havasını yaratmağa kömək edəcək”.

Festivalın proqramı ilə bu linkdən tanış ola bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.