CƏMİYYƏT


Berlində Almaniya-Azərbaycan Forumunun İdarə Heyətinin toplantısı keçirilib

Berlin, 6 iyul, AZƏRTAC 

Azərbaycanın Almaniyadakı səfirliyində Almaniya-Azərbaycan Forumunun İdarə Heyətinin və üzvlərinin illik toplantıları keçirilib.

Forumun İdarə Heyətinin sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şleyer iclası açaraq gündəliyi təqdim edib.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış edərək ölkəmizdəki siyasi, iqtisadi vəziyyət, həyata keçirilən islahatlar, inkişaf prosesləri barədə məlumat verib. O, Almaniya-Azərbaycan münasibətlərinin hazırkı durumundan və perspektivlərindən, o cümlədən iki ölkə arasında iqtisadi-ticari sahədə əməkdaşlıqdan bəhs edib, Almaniya və Azərbaycan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən, ölkəmizin həyata keçirdiyi transregional təşəbbüslərdən və beynəlxalq nəqliyyat dəhlizlərində iştirakından, Azərbaycanda alman sərmayədarları və turistləri üçün mövcud olan biznes və turizm imkanlarından danışıb. Bu xüsusda, o, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin dərinləşməsinə Forumun verdiyi töhfəni vurğulayıb.

Hans-Eberhard Şleyer çıxış edərək səfirliyin təşkilatçılığı və rəhbərlik etdiyi təsisatın iştirakı ilə son bir ildə həyata keçirilmiş tədbirlər - “Trans-Xəzər Şərq-Qərb ticarət və tranzit dəhlizinin imkanları” mövzusunda Azərbaycanın nəqliyyat, tranzit və logistika potensialına həsr olunmuş biznes forum, Bundestaqa məxsus Almaniya Parlament Cəmiyyətində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Cənubi Qafqazda təhlükəsizlik və stabillik: Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda keçirilmiş altıncı simpozium, Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə elmi simpozium, etnocaz və caz konsertləri, eləcə də gələcək planlar – Forumun İdarə Heyətinin üzvlərinin 2019-cu ilin birinci yarısında Azərbaycana səfər etmək niyyəti, səfirliklə əməkdaşlıq çərçivəsində elmi və mədəni tədbirlərin keçirilməsi, Forumun fəaliyyət dairəsinin daha da genişləndirilməsi barədə danışıb. O, həmçinin cari ildə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayıb. Bildirib ki, regiondakı mürəkkəb vəziyyətə baxmayaraq, Azərbaycanda iqtisadi inkişaf davam edir, Azərbaycan Almaniya üçün mühüm ticarət tərəfdaşıdır və ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün yaxşı potensial var.

Almaniya-Azərbaycan Forumunun İdarə Heyətinin və üzvlərinin keçənilki toplantılarının protokolları yekdilliklə qəbul olunub. Forumun idarəedici direktoru P.Yazdani maliyyə hesabatını təqdim edib.

Toplantı zamanı səfir Ramin Həsənov iştirakçıların müxtəlif aktual məsələlərə dair suallarını cavablandırıb, cari ildə Almaniyada keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

İllik toplantılar çərçivəsində Forumun “kuratorium”una yeni üzvlərin namizədliyi səsverməyə çıxarılıb və təsdiqlənib.

Ramin Həsənov səfirliyin Forumla bundan sonra da sıx əməkdaşlıq edəcəyini bildirib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.