SİYASƏT
Berlində Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı işinə başlamışdır
Bakı, 29 aprel (AZƏRTAC). Aprelin 29-da Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) IV Qurultayı işinə başlamışdır. Qurultayda Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin və digər ölkələrin deputatları, AAK-a üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin, həmçinin digər xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak etmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, qurultayda AAK prezidenti Başar Kömürün keçən müddət ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinlənilmişdir.
Başar Kömür AAK-ın prezidenti olduğu müddət ərzində təşkilatın keçdiyi inkişaf yolu, görülən işlər barədə məlumat vermiş, III Qurultaydan ötən müddət ərzində Avropa ölkələrində yeni Azərbaycan diaspor təşkilatlarının yaradılması prosesinin davam etdiyini qeyd etmişdir. Bildirilmişdir ki, ötən müddət ərzində Avropa ölkələrində fəaliyyət göstərən cəmiyyət və dərnəklərin fəaliyyətində mühüm keyfiyyət dəyişiklikləri baş vermişdir.
AAK prezidenti bu günkü toplantıda Almaniyanın 43, İsveç Krallığının 23, Niderland Krallığının 21, Fransanın 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığının 11 nəfərlə təmsil olunduğunu söyləmişdir.
B.Kömür Avropada cəmiyyətlərin Azərbaycan xalqının və dövlətinin milli maraqlarının ardıcıl müdafiə olunması sahəsindəki fəaliyyətinin Azərbaycan hökuməti tərəfindən yüksək dəyərləndirildiyini qeyd etmişdir. O, 2011-ci il iyulunda Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının III qurultayında təltif olunan şəxslərin əksəriyyətinin də məhz Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri olmasının təsadüf olmadığını vurğulamışdır.
“Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının diqqət yetirdiyi əsas məsələlərdən olmuşdur. “20 yanvar” faciəsinin, Xocalı soyqırımının, 31 mart – Azərbaycanlıların soyqırımı kimi tarixlərin ildönümləri Avropanın onlarla ölkəsində müxtəlif tədbirlərin, o cümlədən etiraz aksiyalarının, konfrans və dəyirmi masaların, sərgilərin keçirilməsi yolu ilə ictimaiyyətin diqqətinə çatdırılmışdır”, - deyə B.Kömür bildirmişdir.
Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən danışan B.Kömür Avropanın müxtəlif ölkələrində onlarla ədəbi-bədii, musiqili tədbirlərin keçirildiyini söyləmişdir. O, Almaniyanın Düssеldоrf şəhərində keçirilmiş “Evrovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin tarixi qələbə qazanmasında xaricdə, xüsusən Avropa ölkələrində yaşayan sоydaşlarımızın da fəallığının mühüm rоl оynadığını demişdir.
O ötən dövr ərzində Avropa ölkələrində yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının artırılması, hüquq və azadlıqlarının qоrunması istiqamətində müxtəlif tədbirlərin həyata kеçirildiyini bildirmişdir.
B.Kömür Avropa ölkələrində yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərimizə sədaqətinin saхlanılması, ölkəmizin maraqlarının qоrunmasında fəal iştirakını dövlət siyasətinin priоritеt istiqamətlərindən olduğunu qeyd etmişdir.
“AAK-ın yarandığı gündən bəri bir vacib məsələ var və həll olunana qədər biz onu gündəliyimizdən çıxarmayacayıq. Bu işğal olunmuş torpaqların azad edilməsi məsələsidir. Bu məsələnin həllinə çalışmaq hər birimizin Vətən qarşısında müqəddəs borcudur”, - deyə B.Kömür nitqini tamamlamışdır.
Daha sonra digər qurultay nümayəndələri və qonaqlar çıxış edərək AAK-ın ötən dövrdəki fəaliyyətinə, təşkilatın qarşısında dayanan vəzifələrin icrasına qiymət vermişlər.
Toplantıda “Gücümüz birliyimizdədir” sənədli filmi nümayiş etdirilmiş, Dünya Azərbaycanlılarının III Qurultayının yekunlarına həsr olunmuş kitabın təqdimatı keçirilmişdir.
AAK-ın IV Qurultayında “Avropa Azərbaycanlıları Konqresi Fəxri Prezidentlərinin Məşvərət Şurası”nın yaradılması gözlənilir.