MƏDƏNİYYƏT
Berlində Azərbaycan əsilli yəhudi rəssam Rami Meirin sərgisi keçirilib VİDEO
Berlin, 25 noyabr, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfirliyi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı ilə Berlində yerləşən “QGallery Berlin” qalereyasında Azərbaycan əsilli yəhudi rəssam Rami Meirin sərgisi keçirilib. Sərgidə Almaniyanın yəhudi icmasının aparıcı təşkilatlarının rəhbərləri, dövlət qurumlarının təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, incəsənət xadimləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Azərbaycan-Almaniya Forumunun icraçı direktoru Pərviz Yazdani rəssam Rami Meir və onun sənəti barədə iştirakçılara məlumat verib. Bildirib ki, dağ yəhudilərindən olan Rami Meir Azərbaycanda doğulub, Sovet İttifaqının dağılmasından sonra İsrailə köçüb və rəssam kimi fəaliyyətini orada davam etdirib. Bildirilib ki, Rami Meirin sənət fəaliyyətində Azərbaycandakı dağ yəhudilərinin yaşayış tərzi həmişə özünəməxsus yer tutub. Müxtəlif xarici ölkələrdə sərgiləri keçirilən rəssam Azərbaycan və azərbaycanlılarla əlaqələrini həmişə qoruyub saxlayıb.
Almaniyadakı səfirimiz Nəsimi Ağayev çıxışında Azərbaycan əsilli yəhudi rəssamın sərgisinin Berlində keçirilməsini əlamətdar hadisə hesab etdiyini bildirib. Sərginin keçirilməsinə verdiyi dəstəyə görə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədova təşəkkür edən səfir sözügedən tədbirin Azərbaycandakı dinlərarası harmoniya və multikulturalizm ənənələrinin Almaniyada təqdim və təbliğ olunması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib. N.Ağayev ölkəmizdə mövcud olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında, o cümlədən yəhudi icması ilə mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayıb. Səfir əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Diplomat, bu ənənənin müasir dövrdə Azərbaycan-İsrail münasibətlərinin qurulmasında və inkişafında vacib rol oynadığını bildirib. O, ötən həftə Azərbaycan Milli Məclisinin ölkəmizin İsraildə səfirliyinin açılması barədə qərar qəbul etdiyini diqqətə çatdırıb. Bildirilib ki, bu vacib addım ikitərəfli münasibətlərin daha yüksək mərhələyə keçməsinə öz mühüm töhfəsini verəcəkdir.
Sərginin açılışında, həmçinin Almaniyanın ən aparıcı yəhudi təşkilatı - Almaniya Yəhudilərinin Mərkəzi Şurasının icraçı direktoru Daniel Botman çıxış edib. O, çıxışında Azərbaycanda yüksək tolerantlıq mühitinin olduğunu, müxtəlif dinlərə mənsub şəxslərin, o cümlədən yəhudilərin ölkəmizdə dinc və digər din mənsubları ilə yanaşı yaşadığını qeyd edib. Alman tarixçisi Eva-Maria Aux öz çıxışında Azərbaycandakı dağ yəhudilərinin tarixi haqqında məlumat verib.
Çıxışlardan sonra iştirakçılar sərgi ilə tanış olublar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin