SİYASƏT


Berlində Azərbaycan və Ermənistan səfirlərinin KİV nümayəndələri qarşısında debatı keçirilib VİDEO

Berlin, 28 oktyabr, AZƏRTAC

Berlində fəaliyyət göstərən “Korespondenten.cafe” jurnalist klubunda Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və Ermənistanın bu ölkədəki səfiri Aşot Sumbatyanın KİV nümayəndələri qarşısında debatı keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirlər əvvəlcə giriş sözü ilə çıxış ediblər.

Sonra hər iki səfir jurnalistlərin suallarını cavablandırıb.

Səfir Ramin Həsənov bildirib ki, artıq bir aydır Azərbaycan torpaqlarında müharibə gedir. Təqribən 30 il bundan əvvəl Ermənistan güc yolu ilə Azərbaycan torpaqlarının 20 faizini zəbt edib və orada etnik təmizləmə aparıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi qəbul olunub, amma məcburi xarakter daşıyan bu sənədlər icra edilməyib. Həmçinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 30 il yaxın aparılan danışıqlar heç bir nəticə verməyib. Bu illər ərzində Ermənistana lazımi təzyiq göstərilmədiyi üçün bu ölkə nəinki zəbt etdiyi torpaqları işğal altında saxlamağa, eyni zamanda, Azərbaycana qarşı davamlı təxribatlar törədib. Səfir bu xüsusda Ermənistanın baş naziri Paşinyanın hakimiyyəti dövründə ölkəmizə qarşı ard-arda törədilən təxribatlar barədə danışıb. Vurğulayıb ki, sentyabrın 27-də Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribata Azərbaycan Ordusu əks-hücumla cavab verməyə məcbur olub və işğal altındakı torpaqları azad etməyə başlayıb. Nəticədə təmas xətti və status-kvo ləğv olunub. Bu müddətdə Ermənistan tərəfi Azərbaycanın mülki obyektlərini hədəfə alıb və edilən hücumlar nəticəsində çoxsaylı mülki şəxs həlak olub. Oktyabrın 10-u və 17-də Gəncə şəhərinə ballistik raket hücumları nəticəsində uşaqlar da daxil olmaqla, ümumilikdə 25 mülki şəxs həyatını itirib.

Azərbaycan diplomatı münaqişəyə dair erməni tərəfinin yaydığı yalanlara toxunub. Dağlıq Qarabağın guya Azərbaycana Stalin tərəfindən verilməsi, bölgənin keçmiş SSRİ-nin qanunvericiliyi çərçivəsində Azərbaycandan ayrılması kimi tarixi yalanları faktlarla ifşa edib. Ermənistanın istinad etdiyi xalqların öz müqəddəratını təyinetmə prinsipinin, əslində, erməni tərəfindən sui-istifadə edildiyini diqqətə çatdırıb.

Səfir, həmçinin hazırkı hərbi əməliyyatlarla bağlı yayılan qeyri-obyektiv və uydurma məlumatlardan bəhs edib. Ermənistanın guya Azərbaycanla yanaşı, Türkiyə ilə də müharibə apardığı barədə iddiaları heç bir əsasının olmadığını deyən diplomat bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir. Amma bu ölkə münaqişənin iştirakçısı deyil və Azərbaycan hərbi əməliyyatları öz gücünə həyata keçirir.

Ramin Həsənov, eyni zamanda, Azərbaycanda guya Yaxın Şərqdən muzdluların döyüşməsi barədə iddianın absurd olduğunu, buna dair indiyədək bir dənə də sübut təqdim edilmədiyini vurğulayıb. Qeyd edib ki, bütün dezinformasiyaları Ermənistan tərəfi hərbi əməliyyatlarda Azərbaycana məğlub olmasına bəraət qazandırmaq üçün yayır.

Səfir, həmçinin Azərbaycanın guya Dağlıq Qarabağdakı mülki obyektləri hədəfə alması barədə yayılan xəbərlərin heç bir əsası olmadığını bildirib. Vurğulayıb ki, bunun əksinə olaraq, Ermənistan tərəfi Azərbaycanın hətta cəbhəyanı bölgədən uzaqda yerləşən yaşayış məntəqələrinə məqsədli şəkildə hücumlar edir, mümkün qədər çox mülki şəxsi qətlə yetirməyə çalışır. Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri nəticəsində bu günə qədər 70-ə yaxın mülki şəxs həlak olub.

Münaqişənin həlli imkanlarından da danışan Ramin Həsənov qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq olaraq öz ərazi bütövlüyünü bərpa edir. Ermənistan işğala könüllü şəkildə son qoymaqla qan tökülməsinin qarşısını ala bilər. İşğalçı qüvvələrin çıxarılmasından sonra azərbaycanlı məcburi köçkünlər geri qayıtmalıdırlar. Azərbaycan Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının dinc və təhlükəsizlik şəraitində birgəyaşayışını təmin etməyə hazırdır.

Azərbaycan diplomatı, o cümlədən Ermənistanın münaqişənin həllindən daim yayınmaq və status-kvonu möhkəmləndirmək üçün göstərdiyi cəhdlər barədə danışıb. Diqqətə çatdırıb ki, qonşu ölkənin ərazisində etnik təmizləmə aparan, Xocalıda mülki əhaliyə qarşı soyqırımı həyata keçirən, yüz minlərlə azərbaycanlını 30 ilə yaxındır doğma yurdundan məhrum edən bir ölkənin insan hüquqlarından danışmağa mənəvi haqqı çatmır. Azərbaycanda isə minlərlə erməni əsilli vətəndaş yaşayır.

Sonda səfir beynəlxalq birliyin atəşkəsə çağırmaqla yanaşı, işğala son qoyulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməsinin vacibliyini bildirib. Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən diplomat, eyni zamanda, bu ölkəni Ermənistana beynəlxalq hüquqa əməl etməsi üçün təsir göstərməyə çağırıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.