CƏMİYYƏT


Berlində Azərbaycanla Almaniya arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 25 noyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyətinin Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyinin dövlət katibi xanım Emily Haberlə, o cümlədən Federal Daxili İşlər Nazirliyinin miqrasiya idarəsinin direktoru Norbert Seitzlə görüşlərində iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu qeyd edilib. Vurğulanıb ki, investisiyaların təşviqi, vergi, maliyyə, gömrük, ədliyyə, kadrların ixtisaslaşdırılması, elm və texnika, ekologiya, mədəniyyət sahələrində mövcud əməkdaşlığın səviyyəsi miqrasiya sahəsində də əməkdaşlığın genişləndirilməsini zəruri edir.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Xidmət rəisinin son illər ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması və həmin mərkəzlərdə DMX tərəfindən bir neçə xidmət növünün təqdim olunması, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, yeni nəqliyyat dəhlizlərinin yaradılması barədə ətraflı məlumatı maraqla qarşılanıb.

Bildirilib ki, bütün bu tədbirlər, eyni zamanda, ölkədə viza sisteminin sadələşdirilməsi, üç saat ərzində turist vizasının alınması Azərbaycanın turizm imkanlarını genişləndirib və hazırda respublikaya turist axını artıb. Artıq bir neçə ildir ki, miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi işinə böyük töhfədir.

Xidmət rəisi, həmçinin miqrasiya məsələlərinin tənzimlənməsi və miqrantların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi və xüsusən beynəlxalq təcrübəyə əsaslanan, 2013-cü il avqustun 1-dən qüvvədə olan Miqrasiya Məcəlləsinin əhəmiyyətinə toxunub. Qeyd edib ki, məcəlləyə görə miqrantlar öz arzuları ilə Azərbaycan dilini, tarixini, mədəniyyətini, hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmək üçün Dövlət Miqrasiya Xidmətinin təlim-tədris mərkəzinə müraciət edə bilərlər. Hazırda bununla bağlı Xidmət tərəfindən ödənişsiz təlim kursları təşkil edilib və görülən işlər əcnəbilər tərəfindən böyük məmnunluqla qarşılanır.

F.Nəbiyev deyib ki, Xidmət tərəfindən ötən müddətdə görülən işlərin nəticəsi olaraq, ölkəmizdə qanunsuz miqrantların sayı minimuma enib. Qanunsuz miqrasiya ilə mübarizə məqsədilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş və çıxışlarının monitorinqi aparılır, qanuni əsaslarla gələn əcnəbilərin qanunsuz miqranta çevrilməsinin qarşısını almaq məqsədilə onlar leqallaşdırılır. Həmçinin miqrasiya qanunvericiliyi sahəsində məlumatlandırma məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir.

Xidmət rəisi vurğulayıb ki, Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq konvensiyalara qoşulub və ölkəmizdə bu sahədə görülən işlərin nəticəsində insan hüquqlarının, o cümlədən miqrantların hüquqlarının müdafiəsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Lakin Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə qorunmasına baxmayaraq, ötən əsrin 90-cı illərinin əvvəllərindən miqrasiya problemləri ilə üzləşmiş ölkəmizdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox insan məcburi qaçqın və köçkünə çevrilib, onların bütün hüquqları Ermənistan tərəfindən pozulub. Hətta bu hadisə ilə bağlı 2015-ci il iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını elan etsə də, işğalçı ölkə buna məhəl qoymur. Xidmət rəisi münaqişənin həllinin beynəlxalq hüquq norma və prinsipləri əsasında öz həllini tapmamasının və bir milyondan çox azərbaycanlının Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpa edilməməsinin böyük təəssüf doğurduğunu deyib. Məlumat verib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün ölkədə normal həyat şəraiti yaradılır. Amma işğalçı ölkə onların öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdışlarının təmin edilməsinə imkan vermir.

F.Nəbiyev Azərbaycan Hökumətinin qaçqın və sığınacaq məsələləri ilə bağlı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, miqrantların hüquqlarının qorunması ilə bağlı Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ilə sıx əməkdaşlıq etdiyini də diqqətə çatdırıb. Almaniya Federativ Respublikası ilə miqrasiya sahəsində əməkdaşlığın perspektivlərinə böyük inam ifadə olunub. Bununla yanaşı, Avropa İttifaqı ilə 2014-cü ildən qüvvəyə minmiş readmissiya sazişindən sonra, Almaniya tərəfindən Azərbaycan vətəndaşlarının ölkəmizə readmissiyası zamanı bəzi pozuntulara yol verildiyi müəyyənləşdirilib. Bildirilib ki, bu məsələlər Birgə Readmissiya Komitəsinin 2016-cı ildə Brüsseldə və 2017-ci ildə Bakıda keçirilmiş iclasları zamanı, eləcə də Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz vasitəsilə Almaniya tərəfinin diqqətinə çatdırılıb.

Sonra Azərbaycan nümayəndə heyəti Almaniya Federativ Respublikasının Federal Xarici İşlər Ofisinin Şərqi Asiya, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Andreas Peske ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq haqqında geniş söhbət açılıb. Eyni zamanda, dünyadakı münaqişələr nəticəsində qaçqın və məcburi köçkünlərin sayının artmasının böyük təəssüf doğurduğu bildirilib. Bu barədə danışan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev miqrantları qəbul edən ölkələrdə islamofobiya meyillərinin artması və bəzi hallarda İslam dininin zorakılıq və terrorçuluqla eyniləşdirilməsi ilə bağlı dərin narahatlığını ifadə edib. Həmçinin qeyd olunub ki, son illər Azərbaycan miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilib. Azərbaycan Respublikasının miqrantların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər, o cümlədən readmissiya sazişləri imzaladığına toxunan Xidmət rəisi, ümumiyyətlə, ölkəmizin miqrasiya sahəsində ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Görüşdə belə bir əminlik ifadə olunub ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya ilə İcra Protokolunun qısa müddətdə razılaşdırılması və imzalanması miqrasiya sahəsində əməkdaşlığın növbəti mərhələsinə keçid olacaq və daha sıx əməkdaşlıq etməyə imkan yaradacaq.

Hər iki görüşün sonunda tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.