SİYASƏT
Berlində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 15 oktyabr (AZƏRTAC). Berlində Almaniya Bundestaqının mətbuat zalında Almaniya-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyəti Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, “Güc, təcavüz və müharibə sülhə və rifaha aparan yol deyil” adlı tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya parlamentinin deputatları, müxtəlif ictimai təşkilatların nümayəndələri, eləcə də diaspor təmsilçiləri iştirak etmişlər.
Alman Dalğası (Deutsche Welle) media qurumunun əməkdaşı Luts Layxtfus moderatorluğu ilə keçən tədbirdə Bundestaqın deputatı Karl Georq Velman və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə-Patser İsmayılovanın məruzələri dinlənilmişdir.
Bundestaqın keçmiş üzvü, Almaniya-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyətinin icraçı direktoru Eduard Lintner Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğal altında saxladığını, son dövrlərdə sülhə nail olunması məqsədi ilə beynəlxalq ictimaiyyətin göstərdiyi səylərin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe üzündən hələ də nəticə vermədiyini bildirmişdir. O, güc tətbiqinin, təcavüzün müasir dünyada qəbul olunmadığını və bu yolla sərhədləri dəyişdirməyin və ya yeni torpaqların əldə olunmasının qeyri-mümkünlüyünü vurğulamışdır. Sonra məruzə ilə çıxış edən Karl-Georq Velman Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların dalana dirənməsinin təmsil etdiyi qurumda narahatlıq doğurduğunu və ən yaxın zamanda danışıqlarda irəliləyiş əldə olunmasını arzu etdiklərini bildirmişdir. O, bu ilin dekabrında ATƏT-in Astanada keçiriləcək sammitində Almaniyanın Federal Kansleri Anqela Merkelin də iştirak edəcəyini, müzakirə mövzularından birinin də Qafqazdakı münaqişələr olacağını demişdir.
Deputat qeyd etmişdir ki, son proseslər göstərir ki, bu münaqişə həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına inanmaq əbəsdir. Qarabağ münaqişəsinin həll olunacağı təqdirdə Ermənistanın hər iki ölkə ilə münasibətləri yaxşılaşacaq və iqtisadi rifaha nail olunacaqdır.
Daha sonra Samirə-Patser İsmayılovanın “Dağlıq Qarabağ münaqişəsi – faktlar və nəticələr” mövzusunda məruzəsi dinlənilmişdir. O münaqişənin yaratdığı fəlakətlərdən, problemin Qərbi Avropaya təsirindən danışmışdır.
Müzakirələrdə çıxış edən səfir P.Şahbazov ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların son durumu barədə məlumat vermişdir. O, Minsk qrupunun irəli sürdüyü yenilənmiş Madrid prinsiplərinin Azərbaycan tərəfindən qəbul olunduğunu, Ermənistanın isə hələ də qəbul etmədiyini bildirmiş, münaqişənin həllində irəliləyişə nail olmaq üçün həm Avropa İttifaqının, həm də Almaniyanın Ermənistana təzyiq göstərməsinin vacibliyini qeyd etmişdir.