SİYASƏT


Berlində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunmuşdur

Berlin, 21 dekabr (AZƏRTAC). Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzində (AAƏM) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Azərbaycan günü” adlı tədbir keçirilmişdir.

Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilmiş tədbiri AAƏM-in icraçı direktoru Samira Patzer-İsmailova açaraq qonaqları salamlamış, hamını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik etmişdir. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi haqqında məlumat verərək, bunun dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlıların bir araya gəldiyi simvolik bir günün olduğunu vurğulamışdır.

Diplomatik nümayəndəliyimizin birinci müşaviri Rizvan Nəbiyev səfir Pərviz Şahbazovun təbrikini Azərbaycan Diasporunun nümayəndələrinə çatdırmışdır. O, Azərbaycan səfirliyinin AAƏM, eləcə də diasporumuz ilə sıx əməkdaşlıq etdiyini vurğulamışdır. Müşavir Azərbaycan diasporunun xalq diplomatiyasındakı mühüm rolunu da qeyd etmiş, bu sahədə diasporun üzərinə düşən vəzifələrdən danışmışdır.

Sonra Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə dair “Azərbaycan motivləri” sənədli filmi nümayiş etdirilmişdir.

Azərbaycan bəstəkarlarının musiqisi ilə müşayiət olunan filmdə tədbir iştirakçıları, həmçinin milli rəqslərimiz, şəhərlərimiz, ədəbiyyatımız və s. haqqında məlumat almışlar.

Filmin nümayişindən sonra Almaniyada yaşayan rəssam, həvəskar tarzən Ələkbər Əliyev tarda Azərbaycan musiqisindən nümunələr ifa etmişdir. Onun musiqi təqdimatı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Musiqi nömrəsindən sonra Potsdam Universitetinin doktorantı, “Eurovision”un Azərbaycandakı rəsmi fan-klubun prezidenti Fariz Qasımlı “Qələbəyə aparan yol” adlı məruzə ilə çıxış etmiş və 2008-ci ildən bəri ölkəmizin bu beynəlxalq mahnı müsabiqəsində uğurlu iştirakı və 2011-ci ildəki parlaq qələbəsi haqqında ətraflı məlumat vermişdir.

Tədbirdə AAƏM-in digər əməkdaşları, Almaniyada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.