DÜNYA


Berlində Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfrans başa çatıb

İstanbul, 20 yanvar, AZƏRTAC

Almaniyanın paytaxtı Berlində Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfrans başa çatıb.

AZƏRTAC xəbər verir ki, Almaniya Kansleri Angela Merkelin dəvəti ilə baş tutan konfrans dörd saat davam edib.

Konfransdan dərhal sonra A.Merkel, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş, Almaniyanın Xarici İşlər naziri Hayko Maas və BMT-nin Liviya nümayəndəsi Qassan Salame mətbuat konfransı keçiriblər.

Tərəflər bu konfransın BMT-nin Liviyadakı sülh səylərinə töhfə verəcəyini bildirib, BMT-ni atəşkəs rejiminə nəzarət üçün texniki komitələr yaradacağı bildirilib. Tədbirdə əhatəli bir plan barəsində razılığa gəlindiyi, hərbi komitə yaratmaq üçün adların hazırlandığı qeyd edilib. Yaxın günlərdə hərbi komitənin Cenevrədə toplanacağı diqqətə çatdırılıb. İclasda iştirak edən bütün tərəflərin atəşkəsi dəstəklədiyi vurğulanıb.

BMT-nin Liviya məsələsindəki cəhdlərinə dəstək vermək məqsədilə keçirdiyi konfransda atəşkəsin əldə edilməsi, tərəflər arasında qarşılıqlı inamın bərpası, Liviyanın ərazi bütövlüyü çərçivəsində sülhün bərpası üçün görüşlər keçirilib.

Konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş Naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron və digər ölkələrin dövlət başçıları iştirak ediblər.

Qeyd edək ki, konfrans əsnasında Türkiyə ilə Rusiya prezidentləri arasında görüş də keçirilib. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ dövlət katibi Mayk Pompeo, Almaniya kansleri Angela Merkel və Avropa Komissiyasının yeni sədri Ursula von der Leyen ilə görüşləri olub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.