CƏMİYYƏT
Berlində fəaliyyət göstərən Azərbaycan dili kurslarında “Məktəbli oyunları” adlı kitabın təqdimatı keçirilib VİDEO
Berlin, 22 mart, AZƏRTAC
Berlində fəaliyyət göstərən Azərbaycan dili kurslarında “Məktəbli oyunları” adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Maarifçi Gənclər Təşkilatı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Folklor oyunlarımızı yaşadaq" adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində "Məktəbli oyunları" adlı kitab nəşr olunub.
Kitabın təqdimatı Almaniyanın paytaxtı Berlin şəhərində fəaliyyət göstərən Azərbaycan dili kurslarında təşkil edilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, bu kitabın əsas məqsədi xaricdə yaşayan azərbaycanlı uşaqların milli folklor oyunlarımızı yaddan çıxarmamasıdır.
Tədbir Azərbaycan dili kursunun tələbələrinin çıxışları ilə davam edib. Onlar “Bənövşə” oyununu, “Tık-tık” xanım nağılından qurduqları səhnəciyi nümayiş etdirərək şeir deyib və mahnılar oxuyublar. Sonda iştirakçılara "Məktəbli oyunları" kitabı hədiyyə edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin