CƏMİYYƏT
Berlində ölkəmizdə innovasiyalar sahəsində görülən işlərlə əlaqədar ətraflı məlumat verilib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti xüsusi dəvət əsasında Almaniyanın paytaxtı Berlin şəhərinə səfər edib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər Azərbaycan təcrübəsinin paylaşılması üçün dünyada biliklərin mübadiləsinin təminatına həsr olunmuş 8-ci İnformasiya Əldəetmə Konfransında iştirak məqsədilə təşkil edilib. Konfransda məlumatların elektron mühitə transformasiyası, robot proseslərin avtomatlaşdırılması, süni intellekt və digər sahələrdə fikir mübadiləsi aparılıb, təşkilatların daha sürətli və effektiv fəaliyyət göstərməsi üçün müxtəlif həllər təklif edilib.
Rəqəmsallaşdırma sahəsində fəaliyyət göstərən “Fujitsu”¸ “Open text”, “ABBYY” şirkətlərinin təşkilatçılığı ilə keçirilən builki konfransa dünyanın müxtəlif ölkələrindən 300-dən artıq hökumət və şirkət nümayəndələri, ekspertlər qatılıblar.
Səfər çərçivəsində agentliyin nümayəndə heyəti bir sıra şirkətlərin rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirib, ölkəmizdə xidmətlərin inkişafı, elektron hökumət, innovasiyalar sahəsində görülən işlərlə əlaqədar ətraflı məlumat verib, o cümlədən tərəflər arasında gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.