SİYASƏT


Berlindəki Azərbaycan Evi yaranmasının ildönümünü qeyd etmişdir

Berlin, 1 dekabr (AZƏRTAC). Berlində fəaliyyət göstərən Azərbaycan Evi yaranmasının 5 illik yubileyini keçirdiyi tədbirlərlə qeyd etmişdir. Azərbaycan Evinin sədri Tofiq Qarayev qonaqları salamlamış və hamıya xoş əhval-ruhiyyə arzulamışdır.

Gecəni idarə edən yazıçı Əmir Pəhləvan Azərbaycan Evinin fəaliyyəti haqqında qonaqlara məlumat vermiş və təşkilatın bu illərdə bir sıra idman və mədəniyyət tədbirləri təşkil etdiyini, Azərbaycandan gələn incəsənət xadimlərinə hamilik etdiyini bildirmişdir.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycan Evinin əməkdaşlarını yubiley münasibətilə təbrik etmiş, onun yaranması ideyasının tarixinə dair məlumat vermiş, son bir ildə gördüyü işləri təhlil etmiş, gələcək fəaliyyətində təşkilata uğurlar diləmişdir.

Gecədə AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycan Evinin idman sahəsində gənclərlə apardığı işlərin təqdirəlayiq olduğunu bildirmişdir. Azərbaycan Evi nəzdində futbol məktəbinin rəhbəri və kiçikyaşlı uşaqlardan ibarət “Azəri” futbol komandasının məşqçisi Yohannes Zvik komanda tərəfindən imzalanmış topu və idman paltarını Rauf Əliyevə təqdim etmişdir.

Azərbaycan Evinin yubileyi münasibətilə Berlin-Bakı Qalereyasının rəhbəri İbrahim Əhrari təbrik sözləri söyləmiş, Azərbaycan Evinə uğurlar arzulamış və özünün rəsm əsərini təşkilata təqdim etmişdir.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Sevinc Xəlilova, Azərbaycan səfirliyinin əməkdaşları, çox sayda alman və azərbaycanlı qonaqlar iştirak etmişlər.

Gecənin bədii hissəsində Moldovadan gəlmiş qonaq Konstantin Moskoviç nay alətində Azərbaycan xalq musiqisi incilərindən parçalar ifa etmişdir. Azərbaycandan gəlmiş incəsənət ustaları Azərbaycan və Avropa musiqisi nümunələrini ifa edərək, qonaqlara xüsusi zövq vermişlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.