İDMAN
Berluskoninin “Monza” klubunda yalnız italyanlar oynayacaq
Bakı, 6 oktyabr, AZƏRTAC
İtaliyanın sabiq baş naziri və “Monza” italyan klubunun yeni sahibi Silvio Berluskoni bu komandadakı futbolçuların zahiri görünüşləri üçün bir sıra məhdudiyyət tətbiq edib.
“Football Italia” nəşri S.Berluskoninin bu sözlərini sitat gətirir: “Bu, yalnız italiyalı futbolçuların toplandığı gənc komanda olacaq. Onların normal saç düzümləri olacaq. Biz artıq Monzada bərbər də tapmışıq. Heç bir saqqal, heç bir tatuaj olmayacaq. Futbolçular sırğa salmayacaqlar. Onlar meydanda ibrət götürülməyə layiq nümunə olacaq, qayda pozuntusuna görə rəqiblərindən üzr istəyəcək, hakimlərlə centlmen kimi rəftar edəcəklər. Əgər onlardan avtoqraf istəsələr, bu zaman sadəcə ad və soyadlarını yazacaqlar. Bu komandanın oyunçuların daim abırlı və dəblə geyinəcəklər. Mən müasir futbola nə isə yenilik gətirmək istəyirəm”.
Silvio Berluskoni C seriyasında çıxış edən “Monza” komandasına sentyabrın sonlarında sahib olub. 82 yaşlı italiyalı daha əvvəl “Milan”ın sahibi idi. Onun dövründə klub 8 dəfə İtaliya çempionatının və 5 dəfə Çempionlar Liqasının qalibi olub. 2017-ci ildə S.Berluskoni komandanı çinli biznesmen Li Yunxuna 860 milyon dollara satıb. Bu yaxınlarda “Milan” komandası Amerika İnvestisiya Fondunun sahibliyinə keçib.