MƏDƏNİYYƏT


Berndə isveçrəli yazıçının Azərbaycan dilinə tərcümə olunmuş əsərinin təqdimatı keçirilib

Bern, 21 iyun, AZƏRTAC

Məşhur isveçrəli yazıçı Robert Valserin Azərbaycan dilinə tərcümə olunmuş “Dələduz” əsərinin Bern şəhərində fəaliyyət göstərən Robert Valser Mərkəzində təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Robert Valser Mərkəzinin rəhbəri Reto Sorq R.Valserin mürəkkəb həyat yolu və yazıçının yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra tədbir iştirakçıları Robert Valser Mərkəzi və burada nümayiş etdirilən sərgi ilə tanış olublar. Tədbirdə iştirak edən Bern Musiqi Məktəbinin tələbəsi Amil Abdullayev qonaqlar üçün pianoda Azərbaycan musiqi incilərini ifa edib.

Təqdimatda çıxış edən Azərbaycanın İsveçrədəki səfir Fuad İsgəndərov səfirlik tərəfindən həyata keçirilən və müxtəlif sahələri əhatə edən tədbirlər barədə məlumat verib, mədəni sahədə təşkil olunan tədbirlərin xüsusi vacibliyini vurğulayıb. Səfir F.İsgəndərov diasporumuzun üzvlərini bundan sonra da daha fəal olmağa və Azərbaycanla İsveçrə arasında olan münasibətlərin inkişafına öz töhfələrini əsirgəməməyə çağırıb.

Tədbirin sonunda səfirliklə Robert Valser Mərkəzi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, görkəmli İsveçrə yazıçısı Robert Valserin (1878-1956) yaradıcılığında “Dələduz“ romanı xüsusi yer tutur. Mikroqramm formatında 1925-ci ildə qələmə alınmış əsər nəql forması, fiqur və hadisələrin təsvirinə görə almandilli ədəbiyyatın seçilən əsərlərindən biridir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.