İQTİSADİYYAT


“Bərpaolunan enerji mənbələri haqqında” qanun layihəsinin 6 aya hazırlanması planlaşdırılır

Bakı, 30 oktyabr, AZƏRTAC

“Bərpaolunan enerji mənbələri haqqında” qanun layihəsinin 6 aya hazırlanması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 30-da Energetika Nazirliyinin təşkilatçılığı, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), bəzi dövlət qurumları və xarici ekspertlərin iştirakı ilə “Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrinin inkişafı, qanunvericilik və tənzimləyici mühit” mövzusunda keçirilən tədbirdə deyilib.

Energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə hüquqi bazanın və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinin və həmin istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb: “Bu iclas bərpaolunan enerji sahəsində qarşıda duran vəzifələrin icrası üçün ilk addımdır. İnanıram ki, bu vəzifələr uğurla həyata keçiriləcək və EBRD ilə əməkdaşlıq Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, beləliklə də ölkənin iqtisadi inkişafına töhfə verəcək”.

EBRD-nin Azərbaycan üzrə rəhbəri İvana Fernandes Duarte Azərbaycanın bankla birgə həyata keçirdiyi layihələri xatırladıb, bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində əməkdaşlığın əhəmiyyətini qeyd edib: “EBRD bərpaolunan enerjini “yaşıl enerji” adlandırır və bu növ enerji üzrə 38 ölkə ilə əməkdaşlıq edilib. Bank bu sahənin Azərbaycanda da inkişafına dəstək verəcək. Texniki yardım layihələri, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətini də əhatə edir. Ümid edirik ki, tezliklə birgə işimiz müsbət nəticələr verəcək”.

Tədbirin əsas müzakirə mövzularından biri bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansında payının artırılması, özəl investisiyaların cəlb edilməsi məqsədilə bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsini, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanması ilə bağlı olub.

“Bərpaolunan enerji mənbələri haqqında” qanun layihəsinin hazırlanması üzrə məsləhətçi seçilən Norveç-Alman “DNV-GL” şirkətinin eksperti İlka Levinqton bərpaolunan enerji mənbələri üzrə hüquqi və tənzimləyici çərçivə ilə bağlı danışıb: “Bərpaolunan enerji mənbələrini yaradan subyektlər üçün aydın hüquqi, tənzimləyici və müqavilə bazasının olmaması bu sahənin inkişafına maneədir. Ona görə də elektrik enerjisinin istehsalı üçün bərpaolunan enerji mənbələri çərçivəsinin siyasi öhdəliklər, dəstək rejimi, zəmanətli qoşulma, dispetçer prioriteti, zəmanətli alış, torpaq bölgüsü və icazələr üzrə effektiv sistem kimi əhəmiyyətli komponentləri üzrə işlər görülməlidir. Beynəlxalq təcrübə nəzərə alınmaqla “Bərpaolunan enerji mənbələri haqqında” qanun layihəsinin 6 aya hazırlanması planlaşdırılır”.

Tədbirdə, həmçinin bərpaolunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi məsələsinə xüsusi diqqət yetirilib. Belə ki, elektroenergetika sektorunun dayanıqlı fəaliyyəti üçün bərpaolunan enerji mənbələrinin, xüsusilə külək və fotovoltaik enerji qurğularının mövcud enerji sistem və şəbəkələrinə inteqrasiyası vacibdir. Külək, günəş və digər mənbələrdən alınmış enerjinin problemsiz şəkildə şəbəkəyə ötürülməsi və qoşulmanın maneəsiz təmin edilməsi məqsədilə məsləhətçi şirkətlə birgə EBRD-nin dəstəyi ilə Azərbaycanın enerji şəbəkəsi təhlil ediləcək. Şəbəkənin gücləndirilməsi üzrə fəaliyyət planı və investisiya proqramının hazırlanması planlaşdırılır. Tədbirdə şəbəkənin gücləndirilməsi layihəsi ilə bağlı “DNV-GL” şirkətinin nümayəndələri tərəfindən bərpaolunan enerji mənbələrinin ümumi şəbəkəyə qoşulma şərtləri üzrə göstəricilər və bu sahədə şəbəkənin təkmilləşdirilməsi mövzusunda təqdimatlar edilib.

Bildirilib ki, “Bərpaolunan enerji mənbələrinin payının artırılması məqsədilə şəbəkənin gücləndirilməsi” layihəsi çərçivəsində ötürücü, paylayıcı, SCADA və Enerji İdarəetmə və ölçü Sistemləri təkmilləşdiriləcək.

Tədbirdə müvafiq qurumaların iştirakı ilə hər iki istiqamət üzrə Azərbaycanda mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.