İQTİSADİYYAT


Bərpaolunan enerji mənbələrindən istifadəyə dair qanun layihəsi hazırda hökumətdə baxılmaqdadır

Bakı, 20 oktyabr, AZƏRTAC

Ölkədə bərpaolunan enerji sahəsində proseslərin aktiv fazaya keçməsi üçün həlledici məqam müvafiq sahədə qanunun qəbuludur. Bərpaolunan enerji sahəsinin tənzimlənməsi üzrə ilk normativ hüquqi sənəd kimi “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi hazırda hökumətdə baxılmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, dövlət başçısının müvafiq Fərmanı ilə Energetika Nazirliyinin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması da bu sahənin keyfiyyət və məzmunca yeni mərhələdə inkişaf etdirilməsi zərurətidir. Agentliyin əsas vəzifəsi bu sahəni dövlət üçün maliyyə yükü olmayan, investorların cəlbedici fəaliyyət istiqamətinə çevirməkdir. Səmərəlilik, çeviklik və müasir inkişaf tələbləri əsasında qurulan agentlik bərpaolunan enerji sahəsi ilə əlaqəli bütün proseslərə məsul olacaq və energetikada yeni inkişaf strategiyasına töhfə verəcək. Əsasnaməsindən də göründüyü kimi, agentliyin fəaliyyəti çoxşaxəlidir. Bu sahənin investisiya qoyuluşu üçün cəlbediciliyinin təmin edilməsi, elektrik enerjisinin satın alınması müqaviləsi əsasında bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi, bərpaolunan enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və dəstəklənməsi üçün müvafiq fondların yaradılması tamamilə yeni istiqamətlərdir. Hazırda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və tabeliyindəki “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətin strukturu formalaşdırılır, 3 illik iş planı hazırlanır və “Azalternativenerji” MMC-nin fəaliyyətinin optimallaşdırılması üçün digər lazımi tədbirlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.