İQTİSADİYYAT
Bərpaolunan enerji mənbələrindən istifadəyə hazırlığın qiymətləndirilməsi üzrə seminar keçirilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakıda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilati dəstəyi ilə Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə seminar keçirilib.
ABOEMDA-dan AZƏRTAC-a bildirilib ki, seminar Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə sahəsində mövcud çətinlikləri və imkanları müzakirə etmək məqsədi daşıyıb. Tərəflər arasında qeyd edilən sahənin “Siyasi, hüquqi və normativ baza”, “Siyasi dəstək mexanizmi”, “Bərpaolunan enerji üçün şəbəkə nizamnaməsi”, “Bərpaolunan enerji mənbələrinin maliyyələşdirilməsi”, “Texniki biliklərin artırılması və maarifləndirilməsi” istiqamətləri üzrə ümumi müzakirələr aparılıb.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov ABOEMDA-nın fəaliyyət proqramının birmənalı olaraq Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nümunəsi olduğunu bildirib: “Məhz bu səbəbdən də, Strateji Yol Xəritəsinə uyğun olaraq ABOEMDA-nın başlıca hədəfi 2020-ci ilə qədər 420 meqavat qoyuluş gücü olan külək, günəş və bio enerji stansiyalarının quraşdırılması üzrə fəaliyyəti davam etdirməkdir”.
IRENA-nın baş proqram icraçısı Prasson Aqarval bərpaolunan enerjinin sosial-iqtisadi faydalarından danışıb. Onun sözlərinə görə, Qazaxıstan təcrübəsini nəzərə alaraq, Azərbaycanda enerji sektoru və bərpaolunan enerji sahəsinin inkişafına mütləq sürətdə ümumi baxış keçirilməlidir. Bildirib ki, bərpaolunan enerjiyə dair siyasət və tənzimləmə əsasları barədə maarifləndirmənin artırılması və Azərbaycanın iqtisadi və sosial inkişafı baxımından onun faydaları bərpaolunan enerjidən istifadənin artırılması üçün vacib elementdir.
Seminar öz işini “Siyasət, strateji və institusional”, “Siyasi dəstək mexanizmləri”, o cümlədən “Maliyyələşdirmə və risklərin azaldılması” məsələləri üzrə davam edən müzakirələrin keyfiyyətini artırmaq və ekspertlərin tövsiyələrini səmərəli şəkildə dinləmək məqsədilə hər bir mövzu və istiqamətlər üzrə panellərə ayrılaraq davam etdirib.