İQTİSADİYYAT
Bərpaolunan enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 13 noyabr, AZƏRTAC
Energetika Nazirliyi ilə Almaniya Federativ Respublikasının enerji səmərəliliyi və bərpaolunan enerji üzrə dövlət orqanı olan Almaniya Enerji Agentliyi arasında onlayn görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi və bu istiqamətdə prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə təşkil edilib. Tədbirdə Energetika Nazirliyinin və Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları, qarşı tərəfdən isə Almaniya Enerji Agentliyinin rəhbər işçiləri və ekspertləri iştirak ediblər.
Energetika Nazirliyinin Aparatının rəhbəri Zaur Məmmədov Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəmiz haqqında məlumat verib, bununla həm enerji təhlükəsizliyinin, həm də regional təhlükəsizliyin daha da güclənəcəyini qeyd edib.
Daha sonra, tədbirin gündəliyinə uyğun olaraq Azərbaycanda bərpaolunan enerji sahəsində görülən işlər və həyata keçirilən cari layihələr barədə məlumat verilib. Müvafiq sahənin inkişafı istiqamətində birgə həyata keçirilə biləcək konkret tədbirlər, külək və günəş enerjisi ilə yanaşı, bioenerji və geotermal enerji, aktiv istehlakçıların dəstəklənməsi mexanizmlərinin tətbiqi, kiçikmiqyaslı bərpaolunan enerji sistemlərinin inkişafı, enerjinin saxlanması (depolanması) kimi sahələrdə strategiyaların və yol xəritələrinin hazırlanması üzrə əməkdaşlıq, habelə müəyyən ediləcək tədbirlərin həyata keçirilməsi prosesində üçüncü tərəflər və tabe qurumların iştirak imkanları müzakirə olunub.