İQTİSADİYYAT


Bərpaolunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə olunub

Bakı, 14 dekabr, AZƏRTAC

Energetika Nazirliyinin təşkilatçılığı, müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələrinin iştirakı ilə “Bərpaolunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, energetika nazirinin müavini Samir Vəliyev müvafiq Strateji Yol Xəritəsinin bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı portfelinin şaxələndirilməsi prioritetinə uyğun son vaxtlar görülən işlərdən danışıb: “Bərpaolunan enerji mənbələri potensialından daha səmərəli istifadə və bu sahənin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər. Bərpaolunan enerji sahəsinə özəl investisiyanın cəlbi məqsədilə hazırda müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılmasına, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanmasına başlanıb”.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov Azərbaycanda bərpaolunan enerji mənbələrinin, xüsusilə külək və günəş potensialının qiymətləndirilməsi barədə məlumat verib. O, yaxın illərdə külək enerjisi üzrə 350 meqavat, günəş enerjisi üzrə 50 meqavat və bioenerji üzrə 20 meqavat generasiya güclərinin yaradılmasının planlaşdırıldığını qeyd edib.

“Bərpaolunan enerji mənbələri haqqında” qanun layihəsinin hazırlanması üzrə məsləhətçi “DNV-GL” şirkətinin eksperti İlka Levinqton isə özəl investisiyanın cəlbi üçün qanunvericilik aktına daxil ediləcək müddəaları diqqətə çatdırıb: “Bu sənəddə dövlət siyasəti və tənzimləmə, bərpaolunan enerji mənbələrindən istifadəyə dəstək rejimləri, istehsal güclərinin şəbəkəyə qoşulması və istehsal olunan elektrik enerjisinin satın alınması ilə bağlı təminatlar, elektrik enerjisi şəbəkəsinin idarə olunması ilə bağlı texniki qaydalar, müqavilə bazası, lisenziya və icazələr kimi məsələlər öz əksini tapacaq”.

Bildirilib ki, beynəlxalq təcrübəyə uyğun mexanizmdən istifadə edilərək ölkəmizlə əməkdaşlıqda maraqlı olan şirkətlər, beynəlxalq təşkilat və maliyyə qurumlarının hazırlanan qanunvericilik aktlarına dair təklifləri öyrənilir.

Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı məsələlərin özəl sektorla müzakirəsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, irəli sürülən təkliflər Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafı üçün münbit şəraitin yaradılması hədəfinə nail olmağa kömək edəcək.

Tədbir “Bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsinə dair beynəlxalq, eləcə də yerli ekspertlərin rəy və təkliflərinin müzakirəsi ilə davam etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.