İQTİSADİYYAT
Beş ayda Azərbaycanda 10,7 milyard kilovat/saat elektrik enerjisi istehsal olunub
Bakı, 10 iyun, AZƏRTAC
Energetika Nazirliyi bu ilin yanvar-may aylarında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 5 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,1 milyon kilovat/saat artaraq 10 milyard 796,5 milyon kilovat/saat olub.
Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 200,8 milyon kilovat/saat artaraq 10 milyard 95,6 milyon kilovat/saat, su elektrik stansiyalarında (SES) 150,5 milyon kilovat/saat azalaraq 549 milyon kilovat/saat, digər mənbələr (külək, günəş elektrik stansiyaları və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu) üzrə isə 0,7 milyon kilovat/saat artaraq 151,9 milyon kilovat/saat olub. Külək elektrik stansiyalarında 45,1 milyon kilovat/saat, günəş elektrik stansiyalarında 18,1 milyon kilovat/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 88,7 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.