İQTİSADİYYAT


Beş ayda pərakəndə ticarət şəbəkəsində 14,3 milyard manatlıq məhsul satılıb

Bakı, 14 iyun, AZƏRTAC

Yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyərək 14,3 milyard manata bərabər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ticarət dövriyyəsinin 7,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,1 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-may aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 18 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu müddətdə istehlak məhsullarının dəyər ifadəsində 20,5 faizi ticarət müəssisələri, 48,4 faizi fərdi sahibkarlar tərəfindən, 31,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,5 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artıb, bazar və yarmarkalarda isə 5,4 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 290,1 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 10,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 144,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.