CƏMİYYƏT
Beş əcnəbinin saxta sənədlərlə dövlət sərhədindən keçməsinin qarşısı alınıb
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlər dövlət sərhədindən buraxılış məntəqələrində beş nəfərin saxta sənədlərlə dövlət sərhədindən keçməsinin qarşısı alınıb.
Belə ki, dekabrın 2-də Moskva-Bakı aviareysi ilə ölkəmizə gələn Pakistan vətəndaşı 1989-cu il təvəllüdlü Anvar Cohninin Böyük Britaniyaya məxsus pasportunun qismən saxta olması müəyyənləşib. Dekabrın 4-də Bakı-İstanbul aviareysi ilə gedən Pakistan vətəndaşı 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus ID kartının tam saxta olması müəyyən edilib. Bir gün sonra Moskva-Bakı aviareysi ilə gələn Özbəkistan vətəndaşı 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-möhürlərin saxta olması aşkarlanıb. Dekabrın 6-da isə Erbil-Bakı aviareysi ilə gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Svar Solav Moohammed Aminin pasportunun saxta olması müəyyən edilib. Araşdırma zamanı həmin şəxsin üzərindən İraq vətəndaşı 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına pasport aşkar edilib.
Dekabrın 7-də Dubay-Bakı reysi ilə ölkəmizə gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Çaudhari Ravindrakumar Coitabhainin elektron vizasının saxta olması aşkarlanıb.
Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb.