CƏMİYYƏT


Beş il əvvəl Quba rayonunda iki nəfərin qətlə yetirildiyi cinayətin üstü açılıb

Bakı, 20 may, AZƏRTAC

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir xüsusilə ağır qəsdən adamöldürmə cinayətinin üstü açılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, 2017-ci il iyulun 7-də Quba rayonunun Küpçalqışlar kəndində Qudyalçayın üzərindəki körpünün altında yandırılmış “VAZ 2106” markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri 1984-cü il təvəllüdlü Rəhman İşıqovun və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovanın yanmış meyitlərinin aşkarlanması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İstintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra cari il aprelin 25-də iş üzrə dayandırılmış icraat təzələnib. Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat tədbirləri ilə Xaçmaz rayon sakini 1994-cü il təvəllüdlü Osman Ömərovun 2017-ci il iyulun 6-dan 7-nə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşüb, aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovanı deşici alətlə vurub xəsarət yetirməsindən sonra Rəhman İşıqovla aralarında baş vermiş mübahisə ilə əlaqədar üzərində gəzdirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirdiyi, daha sonra cinayətin izini itirmək üçün yol-nəqliyyat hadisəsi görüntüsü yaratmaq məqsədilə Ülviyyə Məmmədova və Rəhman İşıqovun meyitlərini sonuncuya məxsus avtomobilin içərisində Qudyalçayın üzərindəki körpünün altında yandırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış mötəbər sübutlar əsasında Osman Ömərov 2022-ci il mayın 19-da Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə digər hüquq-mühafizə orqanları ilə birgə işlər davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.