CƏMİYYƏT
Beş rayonda gənclərin yerli məşvərət şuraları üzvlüyünə seçimi prosesi başlayıb
Bakı, 9 yanvar, AZƏRTAC
Avropa İttifaqının maliyyə dəstəyi, UNİSEF-in, Gənclər və İdman Nazirliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Bakının Xəzər, eləcə də Biləsuvar, Qazax, Şəmkir və Tovuz Rayon İcra hakimiyyətləri yanında gənclərin yerli məşvərət şuralarının üzvlüyünə seçimi prosesi başlayıb.
Şuradan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi həmin rayonlarda seçilmiş şuralar vasitəsilə qərarların qəbulunda yeniyetmə və gənclərin fikirlərinin nəzərə alınması, gənclər arasında maraq doğuran və ya onları narahat edən məsələlərin müəyyənləşdirilməsi və həlli üçün birgə layihələrin hazırlanması və həyata keçirilməsidir.
Layihə çərçivəsində gənclərin liderlik, ünsiyyət, proqram idarəçiliyi, araşdırma bacarıqlarının inkişaf etdirilməsi, yerli idarəetmə orqanları ilə şuralar arasında müntəzəm dialoqun qurulması, birgə layihələrin işlənib həyata keçirilməsi planlaşdırılır. Həmçinin yerli məşvərət şurasının üzvlərinin regionun ictimai həyatında fəal iştirakı, gənclər arasında şəbəkələşmənin inkişafı və digər istiqamətlərdə də addımların atılması nəzərdə tutulub.